Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Paylı investisiya fondunun formalaşdırılması və payın dəyərinin hesablanması

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Paylı investisiya fondunun idarə edilməsi qaydaları Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra idarəçi həmin fondun paylarını investorlara təklif edə bilər.

16.2. İdarəçi paylı investisiya fondunun qaydalarının dövlət qeydiyyatına alındığı tarixindən etibarən 90 gün ərzində fondun formalaşdırılmasını başa çatdırmalıdır. Göstərilən müddət ərzində formalaşdırılması baş tutmadıqda, fond paylı investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrindən çıxarılır və idarəçi həmin fondu formalaşdırmaq hüququnu itirir.

16.3. İdarəçi paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın Mərkəzi Bank tərəfindən müəyyən edilən minimum həcmindən az olmamaqla, pulla ifadə olunmuş minimum həcmini fondun qaydalarında müəyyən edir.

16.4. Paylı investisiya fondunun formalaşdırıldığı müddət ərzində paylar fondun qaydalarında müəyyən edilmiş dəyərlə yerləşdirilir.

16.5. Paylı investisiya fondunun paylarının yerləşdirilməsi zamanı əldə edilmiş pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda saxlanılır. Fondun formalaşdırıldığı müddət ərzində əldə olunmuş pul vəsaitləri yalnız banklarda depozit şəklində və (və ya) qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər.

16.6. Fondun formalaşdırılması başa çatdıqdan sonra idarəçi tərəfindən bir payın satış qiyməti və payın geri satın alınması ilə bağlı pay mülkiyyətçisinə ödənilməli olan pulun məbləği (fondun ləğv edilməsi halı istisna olmaqla) payın cari dəyərinə əsasən hesablanır.

16.7. İdarəçi tərəfindən payların satışı və geri satın alınması zamanı onların dəyəri fondun xalis aktivlərinin satış və ya geri satın alınma barədə sifarişin verilməsindən sonrakı növbəti hesablanması zamanı müəyyən edilmiş dəyərinin hesablama tarixinə payların ümumi sayına (pay mülkiyyətçilərinin reyestri əsasında) bölünməsi yolu ilə müəyyən edilir.

16.8. Fondun formalaşdırılması müddəti başa çatdıqdan sonra xalis aktivlərin dəyərinin hesablanması və bu barədə məlumatın açıqlanması aşağıdakı qaydada həyata keçirilir:

16.8.1. açıq paylı investisiya fondları üzrə - həftədə azı bir dəfə, payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;

16.8.2. interval paylı investisiya fondları üzrə - ayda bir dəfə, habelə payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;

16.8.3. qapalı paylı investisiya fondları üzrə - fondun qaydalarına uyğun olaraq, fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi və ya fondun ləğvi ilə bağlı payların geri satın alınması halında isə, müvafiq sifarişlərin qəbulunun başlandığı gün.

16.9. Xalis aktivlərin dəyəri barədə məlumat fondun idarəçisinin rəsmi internet səhifəsində və ya fondun qaydaları ilə müəyyən edilmiş mediada açıqlanmalıdır.

16.10. Paylı investisiya fondunun formalaşdırılması müddəti bitdikdən sonra idarəçi Mərkəzi Banka 3 iş günü ərzində fondun formalaşdırılması haqqında hesabat təqdim etməlidir.

16.11. Fondun formalaşdırılması müddəti bitdikdən sonra cəlb edilmiş vəsaitin həcmi fondun qaydaları ilə müəyyən edilmiş ilkin kapitalın miqdarından az olduqda, fondun formalaşdırılması baş tutmamış hesab edilir. Bu halda idarəçi öz vəsaitləri hesabına bu barədə məlumatı dərhal dərc etdirməli və 30 gün ərzində payların satışından əldə edilmiş pul vəsaitlərini və gəlirləri (olduqda) payların mülkiyyətçilərinə, onlara məxsus payların sayına mütənasib şəkildə qaytarmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver