Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Qapalı paylı investisiya fondunun pay mülkiyyətçilərinin ümumi yığıncağı

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Pay mülkiyyətçilərinin ümumi yığıncağı idarəçi tərəfindən aşağıdakı hallarda çağırılır:

21.1.1. idarəçinin və ya depozitarın təşəbbüsü ilə;

21.1.2. payların ən azı 10 faizinin mülkiyyətçilərinin yazılı tələbi ilə.

21.2. Ümumi yığıncağın çağırılması haqqında pay mülkiyyətçilərinin yazılı tələblərinə yığıncağın çağırılmasının səbəbləri və gündəliyə dair təkliflər daxil edilməlidir.

21.3. Pay mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmək hüququna malik olan şəxslərin siyahısı fondun pay mülkiyyətçilərinin reyestri əsasında müəyyənləşdirilir. Həmin siyahı ümumi yığıncağın keçirilməsinədək 60 gündən gec və 45 gündən tez olmayan müddətə tərtib olunmalıdır.

21.4. Pay mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə tələbin daxil olduğu tarixindən etibarən idarəçi aşağıdakıları yerinə yetirməlidir:

21.4.1. ümumi yığıncağın keçirilmə vaxtını və yerini 3 iş günü ərzində müəyyən etmək;

21.4.2. pay mülkiyyətçilərinə və depozitara 5 iş günü ərzində ümumi yığıncağın keçirilməsi barədə bildirişlər göndərmək.

21.5. İdarəçi ümumi yığıncağın keçirilməsini müvafiq tələbin daxil olduğu tarixdən 30 təqvim günündən tez və 45 təqvim günündən gec olmayaraq təmin etməlidir.

21.6. İdarəçi bu Qanunun 21.1.2-ci maddəsində nəzərdə tutulan pay mülkiyyətçilərinin tələbi ilə ümumi yığıncağın çağırılmasından imtina etdikdə, yaxud bunu əsassız olaraq gecikdirdikdə, ümumi yığıncaq pay mülkiyyətçilərinin müraciəti ilə depozitar tərəfindən çağırılır.

21.7. Pay mülkiyyətçilərinin ümumi yığıncağı payların ən azı 60 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.

21.8. Pay mülkiyyətçilərinin ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Qanunun 21.4-cü maddəsində müəyyən edilmiş tələblərə əməl edilməklə yenidən çağırılmalıdır. Bu halda ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Təkrarən çağırılan ümumi yığıncaq payların 40 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.

21.9. Təkrarən çağırılan ümumi yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Qanunun 21.4-cü maddəsində müəyyən edilmiş tələblərə riayət edilməklə yenidən çağırılmalıdır. Bu halda ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Təkrarən çağırılan ümumi yığıncaq payların 25 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.

21.10. Bu Qanunun 21.9-cu maddəsinə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, idarəçi bu barədə Mərkəzi Banka məlumat verməklə, yetərsaydan asılı olmayaraq ümumi yığıncağı keçirir və onun qərarı əsasında paylı investisiya fondu ləğv edilir.

21.11. Pay mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

21.11.1. fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi;

21.11.2. idarəçinin, depozitarın, auditorun, qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) əvəz edilməsi;

21.11.3. fondun idarə edilməsi müqaviləsinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edilməsi;

21.11.4. fondun xərclərinin artırılması;

21.11.5. fondun yenidən təşkili və ləğv edilməsi.

21.12. Pay mülkiyyətçisinə məxsus səslərin sayı ümumi yığıncağın keçirilməsi zamanı onun mülkiyyətində olan payların sayına bərabərdir. Fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi, idarəçinin, depozitarın, auditorun, qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) əvəz edilməsi, habelə yenidən təşkil və ləğv barədə ümumi yığıncağın qərarları səsvermədə iştirak edənlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar səsvermədə iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir.

21.13. Fondun qaydalarında əlavə və dəyişikliklər edilməsi, onun yenidən təşkili və ləğvi barədə məsələlər üzrə qərarlar qəbul edildikdə, səsvermədə həmin qərarların əleyhinə səs vermiş pay mülkiyyətçiləri mülkiyyətlərində olan payların geri satın alınmasını tələb edə bilərlər. Belə hallarda payların geri satın alınması üzrə sifarişlərin idarəçi tərəfindən qəbulu və ödənilməsi bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

21.14. Fondun qaydaları ilə nəzərdə tutulduğu halda, pay mülkiyyətçisi ümumi yığıncaqda imzası qanunvericiliklə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, qiyabi surətdə səs verə bilər.

21.15. İdarəçi (bu Qanunun 21.6-cı maddəsi ilə nəzərdə tutulmuş halda isə depozitar) pay mülkiyyətçilərinin ümumi yığıncağının keçirildiyi tarixdən 3 iş günündən gec olmayaraq yığıncağın protokolunun surətini Mərkəzi Banka təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver