24.1. Azərbaycan Respublikasının ərazisində yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş, müstəsna olaraq investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyət göstərən və bu fəaliyyət növü üzrə lisenziyaya malik olan hüquqi şəxslər investisiya fondunun idarəçisi ola bilərlər.
24.2. İdarəçi (investisiya şirkətləri istisna olmaqla) digər sahibkarlıq fəaliyyət növləri ilə məşğul ola bilməz. İdarəçinin nizamnaməsində qanunvericiliklə hüquqi şəxslərin nizamnaməsində müəyyən edilmiş tələblərlə yanaşı fəaliyyətinin müstəsna predmetinin müştərilərinə məxsus pul vəsaitləri, qiymətli kağızlar və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakla onların və ya üçüncü şəxslərin xeyrinə əməliyyatların aparılması üzrə lisenziyalaşdırılan fəaliyyətdən ibarət olması müəyyən edilməlidir.
24.3. İdarəçi investisiya fondunu səhmdar investisiya fondu və ya pay mülkiyyətçiləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında, bu Qanunun və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə, səhmdarların və ya pay mülkiyyətçilərinin maraqlarına uyğun olaraq idarə edir.
24.4. İnvestisiya fondunun idarə edilməsi ilə əlaqədar idarəçinin vəzifələri aşağıdakılardır:
24.4.1. fondun aktivlərini formalaşdırmaq və idarə etmək;
24.4.1-1. investisiya bəyannaməsinə uyğun olaraq mərkəzi depozitarın və fond birjasının üzvü qismində əməliyyatlar aparmaq;
24.4.2. investisiya fondunun aktivlərinin ümumi dəyərinin, hərəkətinin və tərkibinin uçotunu aparmaq, habelə payların cari dəyərini hesablamaq;
24.4.3. paylı investisiya fondunun aktivlərinin ayrıca mühasibat uçotunu aparmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəzi Banka hesabatlar təqdim etmək;
24.4.4. investisiya fondunun aktivlərinin dəyərini, hərəkətini və tərkibini depozitarlarla aşağıdakı müddətlərdə üzləşdirmək:
24.4.4.1. açıq paylı investisiya fondları üzrə - həftədə azı bir dəfə;
24.4.4.2. səhmdar investisiya fondları, interval və qapalı paylı investisiya fondları üzrə - ayda azı bir dəfə;
24.4.5. ayda azı bir dəfə səhmdar investisiya fondunu və ya paylı investisiya fondunun pay mülkiyyətçilərini fondun xalis aktivlərinin tərkibi və dəyəri, habelə idarəetmə müqaviləsinə və ya fondun qaydalarına uyğun olaraq bir payın cari dəyəri haqqında müntəzəm olaraq məlumatlandırmaq.
24.5. İdarəçi paylı investisiya fondunun aktivləri ilə əqdlər bağladıqda, investisiya fondunun adını göstərməlidir. Əks təqdirdə, idarəçinin üzərinə götürdüyü öhdəliklər öz hesabına icra edilməlidir.
24.6. İnvestisiya fondunun aktivlərinin ölkədən kənarda yerləşdirildiyi hallar istisna olmaqla, investisiya fondunun eyni zamanda yalnız bir idarəçisi ola bilər. İnvestisiya fondunun aktivləri ölkədən kənarda yerləşdirildikdə, onların idarə edilməsi yalnız həmin ölkədə müvafiq lisenziyaya və ya icazəyə, habelə bu sahədə azı 3 il iş təcrübəsinə malik olan xarici idarəçiyə həvalə oluna bilər. İnvestisiya fondlarının idarə edilməsi Mərkəzi Bankın icazəsi alındıqdan sonra xarici idarəçiyə həvalə oluna bilər.
24.7. İnvestisiya fondlarının idarə edilməsinin xarici idarəçiyə həvalə edilməsinə icazənin alınması üçün Mərkəzi Banka edilən müraciətdə xarici idarəçinin adı, yerləşdiyi ünvan və lisenziyasının rekvizitləri göstərilməli, onunla bağlanılması nəzərdə tutulan müqavilənin layihəsi əlavə edilməlidir. Mərkəzi Bank risklərin azaldılması və investorların hüquqlarının müdafiəsi baxımından zəruri hesab etdiyi əlavə məlumatların verilməsini tələb edə bilər. İnvestisiya fondlarının idarə edilməsi yalnız qanunvericiliyi investisiya fondlarının idarə edilməsi fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi tətbiq edən ölkənin ərazisində fəaliyyət göstərən xarici idarəçiyə həvalə oluna bilər.
24.8. Mərkəzi Bank müraciətə sənədlərin tam təqdim olunduğu tarixdən 30 gün ərzində baxaraq icazənin verilməsinə və ya bundan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edir.
24.9. İnvestisiya fondlarının idarə edilməsinin xarici idarəçiyə həvalə olunmasını investorların hüquqlarının müdafiəsi baxımından qeyri-qənaətbəxş hesab etdikdə, habelə, xarici idarəçi bu Qanunun 24.6-cı və 24.7-ci maddələri ilə müəyyənləşdirilən tələblərə cavab vermədikdə, Mərkəzi Bank icazənin verilməsindən imtina edir.
24.10. Mərkəzi Bankdan müvafiq icazə alındıqdan sonra idarəçi 3 iş günü ərzində bu barədə məlumatı mediada açıqlamalıdır.
24.11. İnvestisiya fondlarının aktivlərinin idarə edilməsi zamanı idarəçi aşağıdakılara riayət etməlidir:
24.11.1. qanunvericiliyə, investisiya bəyannaməsinə və ya fondun qaydalarına zidd olan əqdlər bağlamamalı;
24.11.2. fondun aktivlərini əvəzsiz özgəninkiləşdirməməli;
24.11.3. fondun aktivlərini şəxsi öhdəliklərinin təmin olunması üçün istifadə etməməli, öz maraqları üçün borc verməməli, girov qoymamalı və ya digər şəkildə yüklü etməməli;
24.11.4. özünə məxsus olan aktivləri investisiya fonduna satmamalı və ya fondun aktivlərinin tərkibinə daxil etməməli;
24.11.5. idarəçiliyində olan fondun aktivlərini almamalı;
24.11.6. fondun aktivlərini öz adına rəsmiləşdirməməli;
24.11.7. fondun aktivlərinin tərkibinə idarəçiliyində olan digər investisiya fondunun aktivlərini daxil etməməli;
24.11.8. fondun aktivləri hesabına özünə və depozitara aidiyyəti olan şəxslərin qiymətli kağızlarını və ya əmlakını almamalı və ya fondun aktivlərini onlara satmamalı;
24.11.9. fondun xalis aktivlərinin dəyəri, habelə payın cari dəyəri ilə manipulyasiyalara yol verməməlidir.
24.12. İdarəçi idarəçiliyində olan investisiya fondunun paylarını və ya səhmlərini səhmdar investisya fondunun səhmlərinin ilkin yerləşdirilməsi və ya paylı investisiya fondunun formalaşdırılması müddətləri istisna olmaqla ala bilər. İdarəçi idarəçiliyində olan investisiya fondlarının paylarının və ya səhmlərinin alınması və satılması barədə məlumatı investisiya bəyannaməsində, yaxud paylı investisiya fondunun idarə edilməsi qaydalarında müəyyən olunmuş qaydada azı 20 gün əvvəl açıqlamalıdır.
24.13. Vençur kapitalı fondları müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətinin və ya qapalı səhmdar cəmiyyətinin icra orqanı və ya kommandit ortaqlığının tam ortağı (ortaqları) tərəfindən idarə olunduğu halda kənar idarəçi cəlb etməyə bilər.