26.1. İnvestisiya fondunun idarəçisi ildə azı bir dəfə kənar auditor tərəfindən yoxlanılmalıdır. İnvestisiya fondunun auditi, yalnız Mərkəzi Bank və auditor xidmətlərini tənzimləyən aidiyyəti orqan tərəfindən birgə müəyyən edilmiş tələblərə cavab verən kənar auditorlar tərəfindən aparıla bilər.
26.2. İnvestisiya fondunun yoxlamasını aparan kənar auditor Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələri yerinə yetirməklə yanaşı, aşağıdakıları yoxlayır:
26.2.1. investisiya fondunun aktivləri və onlarla əməliyyatlar üzrə uçotun aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını;
26.2.2. investisiya fondunun aktivlərinin tərkibini və strukturunu;
26.2.3. investisiya fondunun aktivlərinin dəyərinin, payın cari dəyərinin qiymətləndirilməsini, habelə payların və səhmlərin yerləşdirilmə və geri satın alınma qiymətlərinin müəyyən edilməsinin düzgünlüyünü;
26.2.4. investisiya fondunun aktivləri ilə bağlanılmış əqdləri;
26.2.5. idarəçi tərəfindən investisiya fondunun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin, habelə payların cari dəyərinin depozitarla üzləşdirilməsi qaydasını və nəticələrini;
26.2.6. investisiya fondunun aktivlərinin və onlara hüquqları təsdiq edən sənədlərin saxlanılması qaydasını;
26.2.7. investisiya fondunun fəaliyyəti ilə bağlı mükafatların, xərclərin və xidmət haqlarının həcmini və ödənilməsini;
26.2.8. dividendlərin ödənilməsi qaydasını (nəzərdə tutulduqda);
26.2.9. buraxılmış səhmlərin və ya payların sayını.
26.3. Kənar auditor aşkar etdiyi əhəmiyyətli nöqsanlar barədə məlumatı, həmçinin auditin nəticələri üzrə tövsiyələrinin bir nüsxəsini Mərkəzi Banka təqdim etməlidir.
26.4. Kənar auditor fonda xidmətlərinin göstərilməsini dayandırdığı halda, Mərkəzi Banka bunun səbəbləri barədə məlumat verməlidir.
26.5. İnvestisiya fondunun aktivlərini təşkil edən daşınmaz əmlakın və fond birjasında kotirovka edilməyən qiymətli kağızların qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.