Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. İnvestisiya fonduna aidiyyəti olan şəxslər

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Bu Qanunun məqsədləri üçün investisiya fonduna aidiyyəti olan şəxslər aşağıdakılardır:

27.1.1. səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvü (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları);

27.1.2. investisiya fondunun struktur bölməsinin (filial, departament, şöbə və s.) rəhbəri;

27.1.3. bu Qanunun 27.1.1-ci və 27.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);

27.1.4. investisiya fondunda 10 faiz və daha çox səhmlərə (paya) birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;

27.1.5. nizamnamə kapitalında ən azı 20 faiz iştirak payı investisiya fonduna məxsus olan hüquqi şəxs;

27.1.6. idarəçinin idarəçiliyində olan digər fondlar;

27.1.7. bu Qanunun 27.1.4-cü və 27.1.5-ci maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz səhmlərə (paya) malik olan hər hansı şəxs;

27.1.8. bu Qanunun 27.1.4-cü, 27.1.5-ci və 27.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin müşahidə şurasının və icra orqanlarının rəhbərləri;

27.1.9. bu Qanunun 27.1.1-ci, 27.1.2-ci və 27.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər.

27.2. İnvestisiya fonduna aidiyyəti olan şəxslərlə münasibətlərdə aşağıdakı tələblərə riayət edilməlidir:

27.2.1. investisiya fonduna aidiyyəti olan şəxslər investisiya fondunun depozitarı ola bilməzlər;

27.2.2. investisiya fonduna aidiyyəti olan şəxslər eyni zamanda idarəçinin və ya depozitarın müşahidə şurasının və ya icra orqanının üzvü ola bilməzlər;

27.2.3. investisiya fonduna aidiyyəti olan şəxslər eyni zamanda investisiya fondunun məsləhətçisi, auditoru, əmlak inzibatçısı və ya idarəçisi ola bilməzlər;

27.2.4. investisiya fonduna bu Qanunun 27.1.1-ci və 27.1.2-ci maddələrində göstərilən aidiyyəti olan şəxslər idarəçinin və ya onun idarəçiliyində olan digər investisiya fondlarının müşahidə şurasının və ya icra orqanının üzvü (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) ola bilməzlər;

27.2.5. səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları) sadə səs çoxluğu ilə qəbul edilən qərarı ilə bağlanılır;

27.2.5-1. səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizədək hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondunun nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, müşahidə şurası və ya icra orqanı (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) tərəfindən qəbul edilən qərarı ilə bağlanılır;

27.2.6. paylı investisiya fondunun buraxdığı paylarla bağlanılan əqdlər istisna olmaqla, paylı investisiya fondu ilə onun idarəçisinə aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 10 faizindən artıq məbləğdə əqdlərin bağlanılmasına yalnız Mərkəzi Bankın icazəsi ilə yol verilir. Bu halda idarəçi əqdin bağlanılmasına razılıq verilməsi üçün onun mühüm şərtləri barədə məlumatla birlikdə ərizə ilə Mərkəzi Banka müraciət edir;

27.2.7. bu Qanunun 27.2.6-cı maddəsində göstərilən əqdlərin bağlanması investorların hüquqlarının müdafiəsi baxımından qeyri-qənaətbəxş hesab edildikdə, qiymətli kağızlar bazarında qiymətlərin kəskin dəyişməsi təhlükəsi yaratdıqda, habelə investisiya fondunun qaydalarına zidd olduğu müəyyənləşdirildikdə Mərkəzi Bank onun bağlanmasına icazə verilməsindən imtina edir;

27.2.8. Mərkəzi Bank əqdin bağlanılmasına icazənin verilməsinə və ya ondan imtina edilməsinə dair bildirişi idarəçiyə 3 iş günü ərzində təqdim edir;

27.2.9. səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvləri (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları), habelə investisiya fondunun struktur bölmələrinin (filial, departament, şöbə və s.) rəhbərləri özlərinin, bu Qanunun 27.1.3-cü və 27.1.9-cu maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver