36.1. Lisenziya verilməsi üçün ilkin müraciət olunarkən aşağıdakı sənədlər və məlumatlar təqdim edilməlidir:
36.1.1. səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyanın alınması üçün ərizə;
36.1.2. təsis haqqında qərarın notariat qaydasında təsdiq edilmiş surəti və təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə;
36.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:
36.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
36.1.3.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
36.1.3.3. son 3 maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatları;
36.1.3.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
36.1.3.5. mövcud olan lisenziyaların surəti;
36.1.3.6. onlara aidiyyəti olan şəxslər barədə məlumatlar;
36.1.3.7. fəaliyyət göstərdiyi sahə üzrə prudensial normativlərə (olduqda) riayət etdiyini təsdiq edən müvafiq tənzimləyici orqanın arayışı;
36.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti və iş yeri (olduqda) haqqında məlumatları əks etdirən arayış;
36.1.5. fiziki şəxs olan təsisçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) – bu Qanunun 36.1.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə, rezidenti olduğu ölkənin azı iki maliyyə təşkilatının müsbət tövsiyələri;
36.1.5-1. xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçilər – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduqda bu barədə məlumat;
36.1.6. vəkil edilmiş şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, notariat qaydasında təsdiq edilmiş sənəd;
36.1.7. təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, mühüm iştirak payı olan təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan belə təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;
36.1.8. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:
36.1.8.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;
36.1.8.2. fondun formalaşdırılması mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;
36.1.8.3. istifadə ediləcək ofis sahəsi, informasiya texnologiyaları və telekommunikasiya sistemləri, elektron mühasibat və digər kompyuter proqramları haqqında məlumat;
36.1.9. səhmdar investisiya fondunun idarə edilməsini həyata keçirəcək idarəçi barədə məlumat;
36.1.9-1. vençur kapitalı fondunun idarəçi tərəfindən idarə edilməsi nəzərdə tutulduqda vençur kapitalı fondunun idarə edilməsini həyata keçirəcək idarəçi barədə məlumat;
36.1.9-2. vençur kapitalı fondunun öz idarəetmə orqanları tərəfindən idarə olunması nəzərdə tutulduqda həmin idarəetmə orqanları barədə məlumat;
36.1.10. adı və ünvanı göstərilməklə, səhmdar investisiya fondunun depozitarı haqqında məlumat;
36.1.11. auditi həyata keçirəcək kənar auditor barədə məlumat (adı, müvafiq lisenziyanı verən orqanın adı, qeydiyyat nömrəsi və verilmə tarixi);
36.1.12. fəaliyyətin həyata keçirilməsi, o cümlədən, investisiya fondlarının idarə edilməsi üzrə daxili nəzarət mexanizmləri haqqında məlumat;
36.1.13. təsisçilərin, rəhbər vəzifələrə təyin olunması nəzərdə tutulan şəxslərin həmin səhmdar investisiya fondunda, idarəçidə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı və onların (təsisçi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin), habelə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) və daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının (vençur kapitalı fondlarında baş mühasib (bu vəzifələri icra edən şəxs mövcud olduqda) vətəndaş qüsursuzluğu barədə məlumat.
Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;
36.1.14. rəhbər vəzifələrə təyin olunan şəxslərin təhsili və iş təcrübəsi barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri;
36.1.15. Mərkəzi Bankın müəyyən etdiyi formada səhmdar investisiya fondunun və ya idarəçinin iştirakçıları arasındakı münasibətlər və səhmdar investisiya fondunun və ya idarəçinin benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.
36.1-1. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin müraciət zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
36.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır və ya onlara apostil verilməlidir.