Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün yekun müraciət zamanı təqdim olunan sənədlər

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyanın alınması üçün yekun müraciət zamanı Mərkəzi Banka aşağıdakıları təqdim edilir:

38.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;

38.1.2. dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

38.1.3. nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

38.1.4. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişikliklər baş verərsə bu barədə arayış;

38.1.5. rəhbər və digər vəzifələrə təyin edilən şəxslərin bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin surətləri (dəyişiklik olduqda);

38.1.6. investisiya fondlarının idarə edilməsini həyata keçirən əməkdaşların ixtisas şəhadətnamələri;

38.1.7. fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququnu təsdiq edən sənədin surəti;

38.1.8. hüquqi şəxsin təşkilati və idarəetmə strukturu, bölmələri və onların funksiyaları, tabeliliyi, hesabatların təqdim edilmə qaydaları;

38.1.9. kompyuter və telekommunikasiya sistemləri, elektron mühasibat və digər kompyuter proqramları haqqında məlumat;

38.1.10. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

38.2. Səhmdar investisiya fondu fəaliyyətinə lisenziyanın alınması üçün müraciət edən hüquqi şəxs bu Qanunun 38.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:

38.2.1. səhmdar investisiya fondunun və bu Qanunun 24.13-cü maddəsində göstərilən hal istisna olmaqla vençur kapitalı fondunun idarə edilməsi barədə idarəçi ilə bağlanmış müqavilənin surətini;

38.2.2. səhmdar investisiya fondunun investisiya bəyannaməsini.

38.3. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün yekun müraciət zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver