39.1. Mərkəzi Bank lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən 30 təqvim günü ərzində baxır.
39.2. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda (bu Qanunun 38.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya yanlış olduqda Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini təklif edir. Bu təklif 10 iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır.
39.3. Mərkəzi Bank təqdim olunan sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları Mərkəzi Bankın sorğu etdiyi məlumatı 15 iş günü müddətində verməlidirlər.
39.4. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina olunması barədə bu Qanunun 39.1-ci maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.
39.5. Mərkəzi Bank lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:
39.5.1. bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 38.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 39.2-ci maddəyə uyğun olaraq təklif olunan qaydada tamamlanmadıqda;
39.5.2. bu Qanunun 34.4-cü, 34.5-ci və 40-cı maddələrinin tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda və (və ya) idarəçinin ixtisas şəhadətnaməsinə malik ən azı iki əməkdaşı olmadıqda;
39.5.3. bu Qanunun 37.4-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri aşkar edildikdə;
39.5.4. dövlət qeydiyyatının təsisçilərdən asılı olmayan səbəblərə görə yubadılması halları istisna olmaqla, lisenziya verilməsi üçün bu Qanunun 37.7-ci maddəsində müəyyən edilmiş müddətdə Mərkəzi Banka yekun müraciət etmədikdə.