Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. Xarici investisiya fondunun və ya idarəçinin nümayəndəliklərinin fəaliyyətinə icazənin verilməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. Xarici investisiya fondunun və ya idarəçinin nümayəndəliyi Azərbaycan Respublikasında Mərkəzi Bankın icazəsi əsasında fəaliyyət göstərə bilər.

42.2. Xarici investisiya fondu və ya idarəçi Azərbaycan Respublikasında nümayəndəliyinin fəaliyyətinə icazənin alınması üçün Mərkəzi Banka qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş aşağıdakı sənədləri və məlumatları əlavə etməklə, yazılı surətdə müraciət etməlidir:

42.2.1. xarici investisiya fondunun və ya idarəçinin nizamnaməsinin, dövlət qeydiyyatı haqqında sənədin leqallaşdırılmış və ya apostil verilmiş surəti və nümayəndəlik açmaq barədə səlahiyyətli orqanının qərarının surətini;

42.2.2. xarici investisiya fondunun və ya idarəçinin təşkilati strukturu və idarəetmə orqanları haqqında məlumatı;

42.2.3. müraciət edilən tarixə xarici investisiya fondunda və ya idarəçidə mühüm iştirak paylarının sahiblərinin onlara məxsus payların miqdarı göstərilməklə siyahısını;

42.2.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada xarici investisiya fondunun və ya idarəçinin benefisiar mülkiyyətçiləri haqqında məlumat;

42.2.4. xarici investisiya fondunun və ya idarəçinin son üç maliyyə ili üçün, əgər bu müddət 3 ildən azdırsa, bütün fəaliyyət müddəti üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

42.2.5. nümayəndəliyin əsasnaməsini;

42.2.6. nümayəndəliyin rəhbər vəzifələrinə təyin edilən şəxslərin həmin investisiya fondunda və ya idarəçidə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onların təhsili və iş təcrübəsi barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş və ya həmin şəxslər əcnəbi olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətləri, habelə onların vətəndaş qüsursuzluğu barədə məlumat.

Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;

42.6.7. xarici investisiya fondunun və ya idarəçinin yerləşdiyi ölkədə malik olduğu lisenziyaların və icazələrin surətləri;

42.2.8. xarici investisiya fondunun və ya idarəçinin rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının nümayəndəliyin açılmasına etirazının olmaması barədə rəyi;

42.2.9. nümayəndəliyin kommersiya strategiyasını, təşkilati strukturunu, o cümlədən ilk 3 il üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-planı.

42.2-1. Xarici investisiya fondunun və ya idarəçinin Azərbaycan Respublikasında nümayəndəliyinin fəaliyyətinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

42.3. Mərkəzi Bank sənədlərə onların təqdim edildiyi tarixdən 60 təqvim günü ərzində baxır.

42.4. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə (bu Qanunun 42.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), bu barədə müraciət edənlərə 15 iş günü müddətində bildiriş göndərir və onların aradan qaldırılmasını təklif edir. Mərkəzi Bank həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

42.5. Mərkəzi Bank xarici investisiya fondunun və ya idarəçinin Azərbaycan Respublikasında nümayəndəliyinin fəaliyyətinə icazə verilməsindən aşağıdakı hallarda imtina edir:

42.5.1. bu Qanunun 42.2-ci maddəsində göstərilən sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 42.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluq aşkar edildikdə, habelə sənədlərdəki məlumatlar 42.4-cü maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda;

42.5.2. bu Qanunun 34.6 və 40-cı maddələrinin tələblərinə uyğunsuzluq aşkar edildikdə;

42.5.3. öz ölkəsinin qanunvericiliyi investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən etmədikdə.

42.6. Mərkəzi Bank icazənin verilməsi və ya bundan imtina olunması barədə bu Qanunun 42.3-cü maddəsində göstərilən müddət ərzində müraciət edənə əsaslandırılmış yazılı bildiriş göndərir.

42.7. Mərkəzi Bankın icazənin verilməsindən imtina edilməsi ilə bağlı qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver