43.1. Xarici investisiya fondunun və ya idarəçinin nümayəndəliklərinin fəaliyyətinə icazə aşağıdakı hallarda Mərkəzi Bank tərəfindən ləğv edilə bilər:
43.1.1. investisiya fondunun və ya idarəçinin ali idarəetmə orqanının qərarına əsasən;
43.1.2. səhmdar investisiya fondu və idarəçi müflis elan edildikdə;
43.1.3. icazənin alınması üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə;
43.1.4. icazənin qüvvəyə mindiyi tarixdən 12 ay müddətində nümayəndəlik fəaliyyətə başlamadıqda;
43.1.5. nümayəndəlik tərəfindən Mərkəzi Banka qəsdən yanlış hesabat və məlumatlar təqdim edildikdə;
43.1.6. nümayəndəlik Mərkəzi Bank tərəfindən bu Qanunun və qiymətli kağızlar bazarını tənzimləyən digər normativ hüquqi və normativ xarakterli aktların tətbiqi ilə bağlı verilən icrası məcburi olan göstərişləri yerinə yetirmədikdə.
43.2. İnvestisiya fondu və ya idarəçi icazənin ləğv edilməsi barədə Mərkəzi Banka müraciət etdikdə, bunun səbəblərini bildirməlidir. Mərkəzi Bank icazənin ləğv edilməsi ilə bağlı müraciətə 30 gün ərzində baxır və müvafiq qərar qəbul edir.
43.3. Mərkəzi Bank icazənin ləğv edilməsi haqqında qərar qəbul etdikdə, bu barədə məlumatı dərhal icazəsi ləğv edilmiş nümayəndəliyə, habelə müvafiq investisiya fonduna, yaxud idarəçiyə göndərməli və mediada dərc etdirməlidir.