46.1. Səhmdar investisiya fondu bu Qanunun tələbləri nəzərə alınmaqla, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi və normativ xarakterli aktlar ilə müəyyən edilmiş qaydada müflis elan edilir.
46.2. Səhmdar investisiya fondu barəsində iflas prosesinə aşağıdakı hallarda başlanıla bilər:
46.2.1. səhmdar investisiya fondunun xalis aktivlərinin miqdarı altı ay ərzində Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xalis aktivlərin minimum miqdarından 25 faiz və aşağı olduqda;
46.2.2. səhmdar investisiya fondu icra vaxtı çatmış öhdəliklərini tam yerinə yetirməyə və ya həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca aparmağa qadir olmadıqda.
46.3. Səhmdar investisiya fondunun müflis elan edilməsi məhkəmənin müvafiq qərarı ilə həyata keçirilir. Səhmdar investisiya fondunun müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.
46.4. Səhmdar investisiya fondunun müflis elan edilməsi ilə bağlı ərizə ilə məhkəməyə Mərkəzi Bank və ya səhmdarların ümumi yığıncağının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) qərarı əsasında səhmdar investisiya fondunun özü, habelə onun kreditorları müraciət edə bilər. Hər bir halda, Mərkəzi Bank səhmdar investisiya fondunun müflis elan edilməsi ilə bağlı məhkəmə işlərinə cəlb edilməli və onun rəyi nəzərə alınmalıdır.
46.5. Mərkəzi Bank səhmdar investisiya fondunun müflis elan edilməsi ilə bağlı ərizəyə bu Qanunun 46.2.1-ci maddəsində göstərilən əsasların mövcudluğunu təsdiq edən sənəd və hesabatları əlavə etməlidir.
46.6. Səhmdar investisiya fondunun kreditorları məhkəməyə müvafiq ərizə ilə birlikdə özlərinin tələb hüquqlarını təsdiq edən sənədləri, habelə bu Qanunun 46.2.2-ci maddəsi ilə müəyyən edilmiş əsasların mövcudluğunu təsdiq edən sənədləri təqdim etməlidir.
46.7. İcra vaxtı çatmış öhdəliklərin ümumi məbləği səhmdar investisiya fondunun xalis aktivlərinin 10%-dən az hissəsini təşkil etdikdə, məhkəmə müflisləşmə prosedurunun başlanması barədə tələbi rədd edə bilər. Bu halda kreditorların səhmdar investisiya fonduna qarşı iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.
46.8. Səhmdar investisiya fondu hər hansı müflisləşmə (iflas) haqqında işin başlanması barədə Mərkəzi Banka dərhal məlumat verməlidir.
46.9. Mərkəzi Bank səhmdar investisiya fondunun müflisləşmə (iflas) haqqında işin başlanması barədə məlumat aldığı gün səhmdar investisiya fondunun lisenziyasının müvəqqəti dayandırılması barədə qərar qəbul edir.
46.10. Səhmdar investisiya fondunun iflası haqqında iddia ərizəsi Mərkəzi Bank tərəfindən verildikdə, lisenziyanın dayandırılması haqqında qərarın surəti həmin ərizəyə əlavə edilir.
46.11. Müflisləşmə (iflas) haqqında işə baxılmasına başlandığı gündən, səhmdar investisiya fondunun banklarda və depozitarda olan hesabları dondurulur və səhmlərinin yerləşdirilməsi məhkəmənin qərarı ilə dayandırılır.
46.12. Mərkəzi Bank səhmdar investisiya fondunun müflis elan olunması məqamınadək müvəqqəti əmlak inzibatçısının təyin edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edir. Mərkəzi Bankın nümayəndəsi müvəqqəti əmlak inzibatçısı ola bilər. Bu halda əmlak inzibatçısına heç bir haqq və mükafat ödənilmir.
46.13. Məhkəmə müvəqqəti əmlak inzibatçısının təyin edilməsi barədə ərizəyə qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə baxır.
46.14. Səhmdar investisiya fondu iflas proseduruna başlanmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına əsasən müflis elan edilir və ona qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak inzibatçısı təyin edilir. Səhmdar investisiya fondunun müflis elan olunması haqqında məhkəmə qərarı qəbul edildiyi andan səhmdar investisiya fondunun iflas proseduruna başlanılır.
46.15. Səhmdar investisiya fondunun iflas prosesinə başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarından qanunvericiliyə müvafiq surətdə şikayət verilə bilər.
46.16. Əmlak inzibatçısı səhmdar investisiya fondunun müflisləşmə (iflas) prosesinin başlanması və əmlak inzibatçısının təyin olunması haqqında məlumatı dərhal mediada dərc etdirir, səhmdar investisiya fondunun idarəçisinə, müşahidə şurasına, icra orqanına (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağına (ortaqlarına) müvafiq bildirişlər göndərir.
46.17. Məhkəmə qərarının qəbul edildiyi andan:
46.17.1. səhmdar investisiya fondunun idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən səhmdar investisiya fondunun səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri əmlak inzibatçısına keçir;
46.17.2. səhmdar investisiya fondunun vəzifəli şəxslərinin və ya səhmdarlarının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun iştirakçılarının) onun adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.
46.18. Müflis elan edilən səhmdar investisiya fondunun sənədlərinin və əmlakının onların vəzifəli şəxslərindən məhkəmə tərəfindən təyin edilmiş əmlak inzibatçısına təhvil verilməsi aktını məhkəmə təsdiq edir.
46.19. Səhmdar investisiya fondunun müflisləşmə (iflas) prosesi dövründə əmlak inzibatçısı Mərkəzi Bankın tələbi ilə zəruri sənədləri və informasiyanı təqdim etməlidir. Əmlak inzibatçısının öz funksiyalarını lazımınca yerinə yetirməməsi faktı aşkar edildikdə, Mərkəzi Bankın müraciəti ilə məhkəmə əmlak inzibatçısının başqa şəxslə əvəz edilməsi barədə qərar qəbul edə bilər.
46.20. Əmlak inzibatçısı təyin olunduqdan sonra iki həftə ərzində barəsində iflas proseduru başlanmış səhmdar investisiya fondu ilə bağlı Mərkəzi Banka və məhkəməyə hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilməlidir:
46.20.1. əmlak inzibatçısının görməli olduğu işlərə dair məlumatı əks etdirən fəaliyyət planı;
46.20.2. maliyyə hesabatları, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı;
46.20.3. kreditorların tələblərinin ilkin reyestri;
46.20.4. əmlak inzibatçısına ödənilən haqq və xərclər barədə məlumat;
46.20.5. səhmdar investisiya fondu və ya idarəçinin hər hansı qanuna zidd hərəkəti və ya bağladıqları əqdlər barəsində müfəssəl məlumat;
46.20.6. əmlak inzibatçısının qənaətinə görə, lazım ola bilən digər məlumat.
46.21. Əmlak inzibatçısı sonrakı hesabatlarını bir aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi qaydada təqdim edir. Əmlak inzibatçısının hesabatları özündə bu Qanunun 46.20.1 - 46.20.4-cü və 46.20.6-cı maddələrində göstərilən məlumatları əks etdirməlidir.
46.22. Əmlak inzibatçısı barəsində iflas prosedurları başlamış səhmdar investisiya fonduna qarşı tələbləri məhkəmənin iflas prosesinin başlanmasına dair qərarının qəbul edildiyi tarixdən 60 gün müddətində qeydə alır. Zəruri hallarda məhkəmə bu müddəti 30 gündən artıq olmamaqla uzada bilər.
46.23. Müflisləşmə (ləğv) prosedurlarına başlanılmış səhmdar investisiya fondunun kreditorlarının siyahısı, kreditorlarının tələblərinin ödənilməsi növbəliliyi, əmlak inzibatçısının Mərkəzi Bankın rəyi əlavə edilmiş təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir.
46.24. Səhmdar investisiya fondunun müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edilməsi tarixindən ən geci 90 gün ərzində əmlak inzibatçısı müvafiq ləğvetmə planını hazırlayıb təsdiq olunmaq üçün məhkəməyə təqdim edir. Məhkəmə maraqlı şəxslərin alternativ ləğvetmə planı təqdim etmələrinə icazə verilməsi barədə qərar qəbul edə bilər.
46.25. Müflis elan edilən səhmdar investisiya fondunun qiymətli kağızlardan ibarət əmlakı fond birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi vasitəsilə satılmalıdır. Səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. Əmlakın satışından əldə edilən pul vəsaitləri qanunvericiliyə uyğun olaraq səhmdar investisiya fondunun bütün öhdəlikləri ödənildikdən sonra səhmdarlar (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun iştirakçıları) arasında, onlara məxsus səhmlərə mütənasib miqdarda bölüşdürülür.
46.26. Əmlak inzibatçısı təsdiq edilmiş ləğvetmə planının icrasını başa çatdırdıqdan sonra bu barədə hesabatı məhkəməyə təqdim edir. Məhkəmə təqdim olunmuş hesabatı təsdiq etdikdə səhmdar investisiya fondunun ləğvetməsi başa çatmış hesab edilir və həmin səhmdar investisiya fondu investisiya fondlarının, habelə hüquqi şəxslərin dövlət reyestrlərindən çıxarılır. Məhkəmənin ləğvetmənin başa çatması ilə bağlı qərarı əsasında əmlak inzibatçısı vəzifəsindən azad edilir. Bu qərardan sonra əmlak inzibatçısı səhmdar investisiya fondunun sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada arxivə təhvil verməklə öz işini başa çatdırır.