Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Səhmdar investisiya fondunun ləğvi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Səhmdar investisiya fondunun ləğvi bu Qanunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

45.2. Səhmdar investisiya fondu aşağıdakı hallarda ləğv edilir:

45.2.1. səhmdar investisiya fondunun ümumi yığıncağı (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları) fondun ləğvi barədə müvafiq qərar qəbul etdikdə;

45.2.2. bu Qanunun 41.1.2-41.1.10-cu və ya 41.2-ci maddələrində göstərilən əsaslardan biri üzrə səhmdar investisiya fonduna verilmiş lisenziya ləğv edildikdə.

45.3. Səhmdar investisiya fondunun ümumi yığıncağının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) fondun ləğvi barədə qərarı ilə səhmdar investisiya fondunun ləğvetmə komissiyası yaradılır. Ləğvetmə barədə qərar, qəbul edildiyi tarixədək ən geci 3 ay əvvəlki dövrə təsadüf edən kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatı, həmçinin ləğvetmə komissiyasının tərkibi barədə məlumatla birlikdə bir iş günü ərzində Mərkəzi Banka təqdim edilir.

45.4. Səhmdar investisiya fondunun ləğvetmə komissiyasına idarəçinin nümayəndəsi daxil edilir. Mərkəzi Bank könüllü qaydada ləğv edilən səhmdar investisiya fondunun ləğvetmə komissiyasına öz nümayəndəsini daxil edə bilər.

45.5. Səhmdar investisiya fondunun ləğvetmə komissiyası Mərkəzi Banka onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməli və Mərkəzi Bankın səlahiyyətli əməkdaşlarının səhmdar investisiya fondunun binasına daxil olmasına, ləğvetmə ilə bağlı sənədlərlə tanış olmasına şərait yaratmalıdır.

45.6. Səhmdar investisiya fondu bu Qanunun 45.2.1-ci maddəsində göstərilən əsasla ləğv edildikdə, ləğvetmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Ləğvetmə komissiyası səhmdar investisiya fondunun ləğvi barədə qərarın qəbul edildiyi tarixdən ən geci 90 gün müddətində fondun təsdiq edilmiş ləğvetmə planını Mərkəzi Banka təqdim etməlidir. Mərkəzi Bank səhmdar investisiya fondunun ləğvetmə planına təqdim edildiyi tarixdən 30 təqvim günü müddətində baxır və onu qeyri-məqbul hesab etdikdə, yaxud çatışmazlıqlar aşkar etdikdə, ləğvetmə komissiyasından onların aradan qaldırılmasını tələb edir. Tələb edilən düzəlişlər 10 iş günü müddətində aparılmalıdır.

45.7. Mərkəzi Bank ləğvetmə komissiyasının səhmdar investisiya fondunun ləğvini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmədiyini və səhmdar investisiya fondu tərəfindən bu Qanunun 45.4-cü, 45.5-ci və 45.6-cı maddələrinə riayət edilmədiyini müəyyənləşdirdikdə bu Qanuna uyğun olaraq səhmdar investisiya fondunun məcburi ləğvi üçün müvafiq tədbirlər görə bilər.

45.8. Səhmdarların ümumi yığıncağının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) qərarı, yaxud müflis elan edilməsi əsasında ləğvi halları istisna olunmaqla, Mərkəzi Bank səhmdar investisiya fondunun lisenziyasını bu Qanunun 41.1.2-41.1.10-cu və 41.2-ci maddələrinə uyğun olaraq ləğv etdikdə, həmçinin 45.7-ci maddəsində nəzərdə tutulmuş hallarda onun məcburi ləğvi və əmlak inzibatçısının təyin edilməsi barədə məhkəməyə müraciət edir.

45.9. Məhkəmənin qərarı ilə təyin edilmiş əmlak inzibatçısı səhmdar investisiya fondunun ləğvi prosesinin başlanması və əmlak inzibatçısının təyin olunması haqqında məlumatı dərhal mediada dərc etdirir, səhmdar investisiya fondunun idarəçisinə, müşahidə şurasına və icra orqanına (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağına (ortaqlarına) müvafiq bildirişlər göndərir.

45.10. Səhmdar investisiya fondunun məcburi ləğvi və əmlak inzibatçısının təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan:

45.10.1. səhmdar investisiya fondunun idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən onun səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri əmlak inzibatçısına keçir;

45.10.2. səhmdar investisiya fondunun vəzifəli şəxslərinin və ya səhmdarlarının onun adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.

45.11. Ləğv edilən səhmdar investisiya fondunun sənədlərinin və əmlakının onun vəzifəli şəxslərindən məhkəmə tərəfindən təyin edilmiş əmlak inzibatçısına təhvil verilməsi aktını məhkəmə təsdiq edir.

45.12. Məcburi qaydada ləğv edilən səhmdar investisiya fondunun kreditorlarının siyahısı, həmçinin ləğvetmə planı əmlak inzibatçısının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir.

45.13. Səhmdar investisiya fondunun məcburi ləğvi dövründə əmlak inzibatçısı Mərkəzi Bankın tələbi ilə zəruri sənədləri və informasiyanı təqdim etməlidir. Əmlak inzibatçısının öz funksiyalarını lazımınca yerinə yetirməməsi faktı aşkar olunduqda, Mərkəzi Bankın müraciəti əsasında məhkəmə əmlak inzibatçısının başqa şəxslə əvəz edilməsi barədə qərar qəbul edə bilər.

45.14. Ləğv edilən səhmdar investisiya fondunun kreditorlarının tələblərinin ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

45.15. Ləğv edilən səhmdar investisiya fondunun qiymətli kağızlardan ibarət əmlakı fond birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi vasitəsilə satılmalıdır. Səhmdar investisiya fondunun ləğvi ilə bağlı əmlakın satışı nəticəsində əldə olunmuş pul vəsaitləri, qanunvericiliyə uyğun olaraq fondun bütün öhdəlikləri ödənildikdən sonra səhmdarlar (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları) arasında onlara məxsus səhmlərə mütənasib miqdarda bölüşdürülür.

45.16. Ləğvetmə prosesi dövründə səhmdar investisiya fondunun adında “ləğv edilməkdə olan” sözləri göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver