5.1. Səhmdar investisiya fondu azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır.
5.2. Səhmdar investisiya fondu Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir.
5.3. Səhmdar investisiya fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.
5.4. Səhmdar investisiya fondunun nizamnaməsində onun fəaliyyətinin müstəsna predmetinin səhmlərinin yerləşdirilməsi nəticəsində daxil olan pul vəsaitlərinin bu Qanunla və investisiya bəyannaməsi ilə müəyyən edilmiş qaydada yatırılmasından ibarət olduğu göstərilməlidir.
5.5. Səhmdar investisiya fondunun investisiya məqsədləri üçün nəzərdə tutulmuş aktivləri müqavilə əsasında idarəçi tərəfindən idarə edilir.
5.6. Səhmdar investisiya fondu törəmə müəssisələr yarada, adi adlı səhmlərdən başqa digər qiymətli kağızlar buraxa bilməz.
5.7. Səhmdar investisiya fondunun nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
5.8. Səhmdar investisiya fondu aktivlərinin 10 faizini keçməyən məbləğdə və üç aydan artıq olmayan müddətə borc götürə bilər.
5.9. Səhmdar investisiya fondunun səhm mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılır.