9-5.1. Vençur kapitalı fondu daxili idarəetmə formasında (fondun icra orqanı və ya tam ortaq tərəfindən) və ya kənar idarəçi cəlb etməklə idarə oluna bilər.
9-5.2. Lisenziyalaşdırılan vençur kapitalı fondunun idarə edilməsi kənar idarəçi tərəfindən həyata keçirildikdə, həmin kənar idarəçi bu Qanunun IV və VIII fəsillərinə uyğun olaraq investisiya fondlarının idarə edilməsi üzrə lisenziyaya malik olan şəxs olmalıdır.
9-5.3. İdarəçi vençur kapitalı fondunun nizamnamə (şərikli) kapitalının və ya investorların cəlb edilmiş kapital öhdəliklərinin azı 1 – 5 faizinə bərabər məbləğdə öz vəsaiti ilə fondda iştirak etməlidir.
9-5.4. Azad hesabatlı vençur kapitalı fondunun idarə edilməsi üçün bu Qanunla nəzərdə tutulmuş investisiya fondlarının idarə edilməsi üzrə lisenziya tələb olunmur. Aşağıdakı tələblərə cavab verən idarəçi (fondun icra orqanı və ya tam ortaq istisna olmaqla) fondun reyestrə qeydə alınması zamanı Mərkəzi Bank tərəfindən aparılan reyestrdə qeydə alınmalıdır:
9-5.4.1. idarəçinin nizamnamə kapitalı azı 50.000 manat olmalı və ya 3 aylıq əməliyyat xərclərini qarşılamaq üçün kifayət edən likvid aktivlərə malik olmalıdır (hansı daha yüksəkdirsə);
9-5.4.2. idarəçinin rəhbər şəxsləri (və ya tam ortaqlar) bu Qanunun 40-cı maddəsində nəzərdə tutulan məqbul və lazımi keyfiyyətlərə malik olmalıdırlar.
9-5.5. Bu Qanunun 9-5.4-cü maddəsinə əsasən idarəetməni həyata keçirən şəxsin reyestrdə qeydə alınması bu Qanunun 9-6.3 – 9-6.11-ci maddələrində qeyd edilmiş qaydada aparılır.
9-5.6. Azad hesabatlı vençur kapitalı fondunun idarəçisi eyni zamanda ondan artıq vençur kapitalı fondunu idarə edə bilməz.