Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-4

Maddə 9-4. Vençur kapitalı fondunun fəaliyyət rejiminin dəyişdirilməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-4.1. Azad hesabatlı vençur kapitalı fondu bu Qanunun 9-1.7-ci maddəsində qeyd edilən hesablamanı həyata keçirərkən bu Qanunun 9-2.1-ci maddəsində nəzərdə tutulan meyarlara uyğun olmadığı təqdirdə, bu barədə 10 iş günü ərzində Mərkəzi Banka və investorlarına məlumat verməli və bu halın baş verdiyi tarixdən etibarən 90 təqvim günü (keçid dövrü) ərzində lisenziyalaşdırılan vençur kapitalı fondu lisenziyası almaq üçün Mərkəzi Banka müraciət etməlidir.

9-4.2. Keçid dövründə fond yeni investor cəlb edə bilməz, lakin mövcud investisiya fəaliyyətini, o cümlədən mövcud investorlardan ödənilməmiş kapital öhdəliklərini tələb etməyi və mövcud portfel şirkətlərinə əlavə investisiyalar etməyi davam etdirə bilər.

9-4.3. Mərkəzi Bank əsaslandırılmış müraciət əsasında keçid dövrünü əlavə 90 təqvim gününədək uzada bilər.

9-4.4. Bu Qanunun 9-4.1-ci maddəsində göstərilən müddət ərzində lisenziya üçün müraciət edilmədikdə və ya ona lisenziya verilməsindən bu Qanunla nəzərdə tutulmuş hallarda imtina edildikdə vençur kapitalı fondu fəaliyyətini dayandırmalı, Mərkəzi Bank isə azad hesabatlı vençur kapitalı fondunu reyestrdən çıxarılma barədə qərar qəbul etməli və bu barədə məlumatı reyestrdən qeydi çıxarılmış azad hesabatlı vençur kapitalı fonduna və ya onun idarəçisinə, onun depozitarına və vergi orqanlarına dərhal göndərməli və mediada dərc etdirməlidir.

9-4.5. Reyestrdə müvafiq qeydi ləğv edilmiş azad hesabatlı vençur kapitalı fondunun təsisçiləri (iştirakçıları, səhmdarları, tam ortaqları) Mərkəzi Bankın qərarının qəbul edildiyi tarixdən 30 (otuz) təqvim günü müddətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.1-ci maddəsinə uyğun olaraq fondun ləğv edilməsi və ya adından “vençur kapitalı fondu” sözləri çıxarılmaqla fəaliyyət predmetinin dəyişdirilməsi barədə qərar qəbul etməlidirlər. Bu müddət ərzində müvafiq qərar qəbul edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin hüquqi şəxsin məhkəmə qaydasında məcburi ləğv edilməsi tələbi ilə iddia qaldırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver