Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-7

Maddə 9-7. Azad hesabatlı vençur kapitalı fondunun hesabatlılığı

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-7.1. Azad hesabatlı vençur kapitalı fondu Mərkəzi Banka hesabat təqdim etməlidir.

9-7.2. Hesabatda aşağıdakı məlumatlar göstərilir:

9-7.2.1. hesabat dövrünün sonuna bu Qanunun 9-1.7-ci maddəsinə uyğun hesablanmış idarə edilən aktivlərin həcmi və komponentləri;

9-7.2.2. investorların ümumi sayı və onların hamısının peşəkar investor olduğuna dair təsdiqedici sənədlər;

9-7.2.3. investisiya portfeli haqqında icmal məlumat (əsas investisiya sahələri və coğrafi bölgüsü);

9-7.2.4. fondun borclanma səviyyəsi və bu Qanunun 9-1.4.1-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər.

9-7.3. Azad hesabatlı vençur kapitalı fondu bu Qanunun 9-7.2.1-ci maddəsində nəzərdə tutulan məlumatları hər təqvim ili üzrə növbəti ilin birinci rübü ərzində, bu Qanunun 9-7.2.2 – 9-7.2.4-cü maddələrində nəzərdə tutulan məlumatları isə yarımildə bir dəfə (avqust və fevral aylarında), habelə bu Qanunun 9-7.6.2-ci maddəsində investorlara təqdim olunması nəzərdə tutulan illik maliyyə hesabatlarını Mərkəzi Banka təqdim edir.

9-7.4. Hesabatın forması Mərkəzi Bank tərəfindən müəyyən edilir.

9-7.5. Azad hesabatlı vençur kapitalı fondu investisiya strategiyası, risklər, xərclər və kapital itkisi ehtimalı barədə investorları yazılı şəkildə məlumatlandırmalı və onlardan bu riskləri qəbul etdiklərinə dair yazılı təsdiq almalıdır. İnvestorlara təqdim edilən bütün təklif sənədlərində və marketinq materiallarında fondun fəaliyyət rejimi, o cümlədən azad hesabatlı vençur kapitalı fondunun lisenziyalaşdırılmamış statusu barədə investorlara aydın şəkildə məlumat verilməlidir.

9-7.6. Azad hesabatlı vençur kapitalı fondu investorlarına aşağıdakı dövrilikdə və məzmunda hesabat təqdim etməlidir:

9-7.6.1. rüblük əsasda aktivlərin xalis dəyəri, idarəetməsində olan müəssisələrin vəziyyəti və idarəetmə xərcləri barədə hesabat;

9-7.6.2. illik əsasda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış və kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və idarə edilən aktivlərin həcmi barədə məlumat.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver