9-9.1. Vençur kapitalı fondu, investorun akkreditə olunmuş investor statusunu müəyyən etmək üçün onun tərəfindən imzalanmış yazılı bəyannaməyə əsaslana bilər. Bəyannamədə investorun bu Qanunun 1.1.7-3-cü maddəsindəki hansı meyara (meyarlara) cavab verdiyi göstərilməlidir. Fondun bu bəyanatın yanlış olduğuna dair faktiki məlumatı olduqda, investorun ona əsaslanmasına yol verilmir.
9-9.2. Vençur kapitalı fondu investorların akkreditə olunmuş investor statusunu yoxlamaq üçün investorlar tərəfindən aşağıdakı sənədlərdən azı biri təqdim edilir:
9-9.2.1. fiziki şəxslərin gəlirlərini və ya xalis aktivlərini təsdiq edən rəsmi sənədlər (vergi bəyannamələri, bank (depozitar) çıxarışları, əmlak qiymətləndirmə hesabatları);
9-9.2.2. hüquqi şəxslərin audit yoxlamasından keçmiş maliyyə hesabatları;
9-9.2.3. investorun akkreditə olunmuş investor statusunu göstərən auditor rəyi.
9-9.3. Akkreditə olunmuş investor statusunun yoxlanılmasına dair sənədlər fond tərəfindən azı 5 il müddətində saxlanılmalıdır.
9-9.4. Fəaliyyətlərin dəstəklənməsi və əlaqələndirilməsi habelə ümumi mənafelərinin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən müəssisə, idarə və təşkilatlarda, dövlət orqanlarında (qurumlarında), beynəlxalq təşkilatlarda) məqsədilə akkreditə olunmuş investor statusuna malik şəxslər qeyri-kommersiya hüquqi şəxsi formasında (akkreditə olunmuş investor birlikləri) birləşə bilər.