18.0. Hakim aşağıdakı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir:
18.0.1. inzibati məhkəmə icraatının iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda;
18.0.2. inzibati məhkəmə icraatının iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa;
18.0.3. bu Məcəllənin 18.0.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) ilə müvafiq qohumluq əlaqələrində olduqda;
18.0.4. inzibati məhkəmə icraatının iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda.