66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir.
66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər.
66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər.
66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir.