17.1. İpoteka kağızı ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə verilə və ya rəsmiləşdirilə bilər. İpoteka kağızı tərtib edildiyi halda ipoteka qoyanın, ipoteka saxlayanın, eləcə də onun digər mülkiyyətçilərinin hüquq və vəzifələri ipoteka kağızına dair bu Qanunda müəyyən edilmiş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
17.2. İpoteka kağızı onun mülkiyyətçisinin aşağıdakı hüquqlarını təsdiq edir:
17.2.1. ipoteka predmeti üzərində ipoteka hüququnu;
17.2.2. başqa sübutlar təqdim etmədən əsas öhdəliyin icrasını tələb etməsini;
17.2.3. bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutmanın yönəldilməsini.
17.3. İpoteka kağızı bir nüsxədə tərtib edilir və ipoteka saxlayana verilir.
17.3-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı elektron sistemdə elektron qaydada bu Qanunun 17.4-cü maddəsi ilə müəyyən edilmiş şəxs tərəfindən tərtib edilir və elektron sistem bu barədə ipoteka qoyana elektron bildiriş göndərir.
17.4. İpoteka kağızı ipoteka qoyan tərəfindən, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən tərtib edilir. İpoteka kağızını tərtib edən (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) fiziki şəxsin imzası notariat qaydasında təsdiqlənməlidir.
17.4-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.5. Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan olduqda, ipoteka kağızının verilməsinə və ya rəsmiləşdirilməsinə yol verilmir.
17.6. İpoteka kağızı üzrə hüquqlar bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş qaydada başqa şəxslərə verilə bilər.