18.1. İpoteka kağızı ilkin ipoteka saxlayana verilərkən və ya ilkin ipoteka saxlayanın adına rəsmiləşdirilərkən, özündə aşağıdakıları əks etdirməlidir:
18.1.1. sənədin adına daxil edilmiş “ipoteka kağızı” sözü və tərtib edildiyi yer;
18.1.2. ipoteka qoyanın adı və ünvanı, yaxud ipoteka qoyan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;
18.1.3. ipoteka saxlayanın adı və ünvanı, əgər ipoteka saxlayan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;
18.1.4. ipoteka müqaviləsinin bağlandığı yer və tarix;
18.1.5. əsas öhdəlik üzrə borclu ipoteka qoyan deyildirsə, borclunun adı və ünvanı, əgər borclu hüquqi şəxsdirsə, onun adı və olduğu yer;
18.1.6. əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları, icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka kağızında müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
18.1.7. ipoteka predmeti olan əşyanın təsviri və yerləşdiyi yer;
18.1.8. ipoteka predmeti olan əşyanın hansı hüquqla ipoteka qoyana məxsus olduğu və bu hüququ qeydə almış orqanın adı, dövlət qeydiyyatının nömrəsi, tarixi və yeri, həmin əşyanın digər yüklülükləri barədə məlumat;
18.1.9. ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının notariusun icra qeydi əsasında həyata keçirilməsi barədə qeyd;
18.1.10. ipoteka qoyanın imzası, əgər o, üçüncü şəxsdirsə, həm də əsas öhdəlik üzrə borclunun imzası;
18.1.11. ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi tarix.
18.2. İpoteka kağızında onun sonradan başqa şəxslərə verilməsini və ya başqa şəxslərin adına rəsmiləşdirilməsini qadağan edən qeydlər etibarsızdır.
18.3. İpoteka kağızının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.3-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının forması elektron sistemdə müəyyən edilir. Elektron sistemin inzibatçılığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
18.4. İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda ipoteka kağızının mülkiyyətçisi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini və ya rəsmiləşdirilməsini tələb edə bilər. İpoteka kağızının mülkiyyətçisi bu cür uyğunsuzluğu aşkar etdiyi halda, dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir.
18.5. İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.