21.1. İpoteka kağızı üzrə hüquqların həyata keçirilməsinə başlanıldığı vaxt ipoteka kağızının mülkiyyətçisi ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər həm ipoteka qoyan, həm də sonrakı mümkün mülkiyyətçilər üçün aydın şəkildə olmalıdır.
21.1-1. Daşınmaz əmlaka münasibətdə ipoteka saxlayan elektron sistemdə ipoteka kağızında əsas öhdəliyin icrası barədə qeydlər aparmalıdır. Həmin qeydlər barədə ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilməlidir.
21.2. Əgər başqa sübut yoxdursa, ipoteka kağızının mülkiyyətçisində olması yaxud ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olmaması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilməmişdir. Əgər başqa hal müəyyən edilməyibsə, ipoteka kağızının ipoteka qoyanda olması əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir.
21.2-1. Elektron sistemdə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızında əsas öhdəliyin qismən icrası barədə qeydin və ya başqa cür təsdiqin olması göstərir ki, bu öhdəlik və ya onun müvafiq hissəsi icra edilmişdir. Elektron sistemdə ipoteka kağızına xitam verilməsi əsas öhdəliyin yerinə yetirilməsini təsdiq edir.
21.3. İpoteka kağızı üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi bu Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
21.4. İpoteka qoyan ipoteka kağızının mülkiyyətçisinin tələbinə qarşı ipoteka kağızına əsaslanmayan etirazlar edə bilməz.
21.5. Bu Qanuna uyğun olaraq ipoteka kağızı ləğv edildikdə ipotekanın dövlət qeydiyyatını aparan orqan ipoteka kağızını alan kimi dərhal onun üz tərəfinə “xitam verilmişdir” ştampı vurmaqla ləğv edir və öz arxivində saxlayır.
21.5-1. Bu Qanuna uyğun olaraq daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına xitam verildikdə, ipotekanın dövlət qeydiyyatını aparan orqan müvafiq reyestrdə qeydlər aparmalıdır.