Qanunvericilik › İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir.

Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dərman vasitələrinin ekspertizası əsasında qablaşdırılması Azərbaycan, türk, rus, ingilis, alman, ispan, italyan, fransız və macar dillərində olan, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası əsasında isə beynəlxalq patentləşdirilməmiş adı və əmtəə nişanı adı latın və ya kiril əlifbasında olmaq şərtilə qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol verilir.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur.

Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır.

3. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. Qida məhsullarının etiketlənməsinə dair tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilir.

4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

5. İstehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

6. Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.

7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir.

8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver