Qanunvericilik › İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Ticarət və başqa xidmət növləri sahələrində istehlakçıların hüquqları

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər.

Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.

2. İstehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir.

İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur.

İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.

3. Satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir.

4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.

5. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.

6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver