Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Sığortalının hüquq və vəzifələri

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Sığortalının aşağıdakı hüquqları vardır:

7.1.1. icbari sığorta müqaviləsinin bağlanması üçün sığortaçını bu Qanunun 11.2-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sərbəst seçmək;

7.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;

7.1.3. sığorta hadisəsinin baş verdiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sığorta olunanın müayinə olunmasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etmək;

7.1.4. özünün, habelə sığorta olunanların hüquq və qanuni mənafelərini müdafiə etmək;

7.1.5. sığortaçıdan icbari sığortanın şərtlərinin, icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrin izah edilməsini tələb etmək;

7.1.6. sığorta ödənişinin həyata keçirilməsindən imtina və ya onun məbləğinin azaldılması haqqında sığortaçının qərarından Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə şikayət etmək;

7.1.7. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək;

7.1.7-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

7.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

7.2.1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanları icbari sığorta etdirmək;

7.2.1-1. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar barəsində bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq;

7.2.2. bu Qanunla və ya icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək;

7.2.2-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanların uçotunu aparmaq və bu Qanunun 9-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya bu barədə məlumat vermək;

7.2.3. sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, onların kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş günü müddətində, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaçını bu barədə məlumatlandırmaq;

7.2.4. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə təhlükəsiz əmək şəraitini təmin etmək;

7.2.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sığorta hadisələrinin araşdırılmasını təmin etmək;

7.2.6. sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat vermək;

7.2.7. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas verən, icbari sığortanın həyata keçirilməsi üçün zəruri olan və əldə edilməsi özündən asılı olan digər sənədləri sığortaçıya təqdim etmək;

7.2.8. qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığorta olunanın ilkin tibbi müayinədən və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etmək;

7.2.9. yenidən təşkil olunması, ləğv edilməsi və ya fəaliyyətinə xitam verilməsi barədə sığortaçıya dərhal məlumat vermək;

7.2.10. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması və onların araşdırılmasının nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının qərarlarını və göstərişlərini yerinə yetirmək;

7.2.11. sığorta olunanlara onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtləri və qaydalarını izah etmək;

7.2.12. sığorta haqlarının hesablanmasının və köçürülməsinin düzgün uçotunu aparmaq, sığorta ödənişi üçün əsas olan sənədlərin qorunub saxlanmasını təmin etmək, sığortaçıya bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta olunanlarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə, digər sığorta olunanlarla bağlı isə sığorta müqaviləsində müəyyən edilmiş qaydada məlumat təqdim etmək;

7.2.13. sığorta hadisəsindən irəli gələn itkilərin azaldılması üçün tədbirlər görmək;

7.2.14. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

7.2.14-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

7.3. Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta fəaliyyəti həyata keçirilməli şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver