1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. fərdi istilik sistemi – istehlakçı tərəfindən tikinti obyektinin fərdi şəkildə istilik təchizatının həyata keçirilməsi üçün quraşdırılan və istismar edilən qurğuların məcmusu;
1.1.2. istilik daşıyıcısı – istilik təchizatı sistemində istilik və isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisinin ötürülməsi üçün istifadə olunan maddə (su, buxar);
1.1.3. istilik enerjisi – istilik daşıyıcılarının termodinamik parametrlərini (temperatur, təzyiq, sıxlıq) dəyişdirə bilən enerji resursu;
1.1.4. istilik enerjisinin istehlakçısı (bundan sonra – istehlakçı) – öz ehtiyacları üçün istilik enerjisini satın alan məişət və ya qeyri-məişət istehlakçısı;
1.1.5. istilik enerjisinin istehsalçısı (bundan sonra – istehsalçı) – istilik enerjisinin istehsalı ilə məşğul olan hüquqi və ya fiziki şəxs;
1.1.6. istilik enerjisinin istehsalı – kimyəvi enerjinin (yanacaq), elektrik və ya digər enerji növlərinin istilik enerjisinə çevrilməsi prosesi;
1.1.7. istilik enerjisinin paylanması – ötürülməsi də daxil olmaqla istilik enerjisinin şəbəkə vasitəsilə istehlakçılara çatdırılması;
1.1.8. istilik enerjisinin paylayıcısı (bundan sonra – paylayıcı) – şəbəkə ilə istilik enerjisinin paylanmasını (o cümlədən ötürülməsini) həyata keçirən hüquqi şəxs;
1.1.9. istilik enerjisinin satıcısı (bundan sonra – satıcı) – istilik enerjisinin pərakəndə satışını həyata keçirən hüquqi və ya fiziki şəxs;
1.1.10. istilik enerjisinin satışı – istilik enerjisinin alqı-satqı müqaviləsi əsasında satışı;
1.1.11. istilik qurğusu – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) üçün istifadə edilən qurğular;
1.1.12. istilik təchizatı – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışı fəaliyyətləri;
1.1.13. istilik təchizatı obyektləri – istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) prosesində istifadə olunan istilik mənbələri, şəbəkələr, bina və qurğular;
1.1.14. istilik təchizatı sistemi – istilik mənbələri, şəbəkələr və istilik istehlakı qurğuları kompleksi;
1.1.15. istilik təchizatı subyektləri – bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, o cümlədən təbii inhisar subyektləri;
1.1.16. kommersiya uçotu – istiliyin və isti suyun satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə istiliyin və isti suyun ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən istiliyin termodinamik parametrləri və isti suyun həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;
1.1.17. kommersiya uçotu qaydaları – istilik təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən qaydalar;
1.1.18. qeyri-məişət istehlakçısı – bu Qanunun 1.1.19-cu maddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla digər istehlakçı;
1.1.19. məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilik enerjisindən istifadə edən fiziki şəxs;
1.1.20. mərkəzləşdirilmiş istilik sistemi – bir və ya bir neçə istilik mənbəyindən, şəbəkələrdən (xarici istilik kəmərlərinin diametrindən, sayından və uzunluğundan asılı olmayaraq) və istehlakçılardan ibarət olan sistem;
1.1.21. şəbəkə – istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğuları kompleksi;
1.1.22. texniki şərtlər – istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədlərinin hazırlanmasına əsas verən istilik və isti su təchizatı ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
1.1.23. tənzimləyici – istilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.