22.1. Xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin təşkili və keçirilməsi zamanı qanunçuluğa əməl olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir.
22.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində bu fəaliyyətin subyektləri, idarədənkənar nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
22.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına öz fəaliyyətləri barədə mütəmadi hesabat verirlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbərləri məlumatların etibarlılığına, obyektivliyinə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına vaxtında çatdırılmasına görə şəxsi məsuliyyət daşıyırlar.
22.4. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiqinə nəzarətin həyata keçirilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
22.5. Əks-kəşfiyyat fəaliyyəti subyektlərində aparılan təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi Azərbaycan Respublikasının baş prokuroru və onun müvəkkil etdiyi prokurorlar həyata keçirirlər.
22.6. Əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin və əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.
22.7. Əks-kəşfiyyat fəaliyyətinin təşkili, taktikası, üsulları və vasitələri, o cümlədən bu subyektlərə kömək edən və ya etmiş şəxslər barədə məlumatlar bu fəaliyyətin subyektləri rəhbərlərinin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti istisna olmaqla, digər nəzarətin predmetinə daxil deyildir.