Qanunvericilik › Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təminatları

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməməlidir. Hər bir şəxs kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri ilə əməkdaşlığa yalnız öz razılığı ilə cəlb edilə bilər.

4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti zamanı şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına yol verilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti prosesində hər kəsin şəxsi və ailə həyatı barədə əldə edilmiş sirlərin onun razılığı olmadan açıqlanmasına yol verilmir.

4.3. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən mənzil toxunulmazlığı, telefon danışıqları, poçt, teleqraf və digər göndərişlər vasitəsi ilə ötürülən məlumatların sirrini saxlamaq hüquqlarının məhdudlaşdırılması, həmçinin texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə əlaqədar tədbirlərin keçirilməsinə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

4.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına yol verdikdə, müvafiq subyektlər bu hüquq və azadlıqların bərpa olunması, dəymiş zərərin ödənilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidirlər.

4.5. Hakimiyyətdən sui-istifadə etmiş və ya qulluq səlahiyyətlərini aşmış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

4.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver