Qanunvericilik › Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:

7.1.1. xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması;

7.1.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması;

7.1.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və digər dövlət orqanlarının siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması;

7.1.4. Azərbaycan Respublikasının iqtisadi inkişafına, elmi-texniki tərəqqisinə və təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi;

7.1.5. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən idarə və təşkilatlarında dövlət sirlərinin mühafizəsinin təmin edilməsi;

7.1.6. kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi;

7.1.7. texniki kəşfiyyatın həyata keçirilməsi;

7.1.8. əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi;

7.1.9. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyinin zəruri hallarda təmin edilməsi;

7.1.10. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin zəruri hallarda təmin edilməsi.

7.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:

7.2.1. xarici dövlətlərin xüsusi xidmət orqanlarının və təşkilatlarının, habelə cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması;

7.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun tapşırığı ilə digər dövlət orqanlarına ölkənin milli təhlükəsizliyinə və milli maraqlarına zərər vura biləcək təhdidlər barədə məlumat verilməsi;

7.2.3. xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlərin həyata keçirilməsi;

7.2.4. öz səlahiyyətləri daxilində dövlət sərhədinin mühafizəsinin əməliyyat təminatının həyata keçirilməsi;

7.2.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması;

7.2.6. öz səlahiyyətləri daxilində müdafiə kompleksi, energetika, nəqliyyat, rabitə və digər sahələrdə strateji əhəmiyyətli obyektlərin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi;

7.2.7. ali dövlət hakimiyyəti orqanlarının və xüsusi obyektlərin mühafizəsinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi;

7.2.8. Azərbaycan Respublikasının ərazisində yerləşən xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin başqa dövlət orqanları ilə qarşılıqlı əlaqədə təmin edilməsi;

7.2.9. öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsi;

7.2.10. öz qüvvə və vasitələri, o cümlədən texniki vasitələri ilə polisə və digər hüquq mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə kömək göstərilməsi;

7.2.11. kəşfiyyat fəaliyyəti subyektlərinin əks-kəşfiyyat məlumatları ilə təmin edilməsi;

7.2.12. öz səlahiyyətləri daxilində transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin aparılması;

7.2.13. əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi.

7.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri həmçinin:

7.3.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, informasiya təhlükəsizliyini təmin edir;

7.3.2. öz əməkdaşlarının və onlara kömək edən şəxslərin məxfiliyini təmin edir;

7.3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin xüsusi xidmət orqanlarının və müvafiq beynəlxalq təşkilatların sorğularını icra edir;

7.3.4. öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlaklarını hüquqazidd qəsdlərdən qoruyur;

7.3.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət sirri təşkil edən məlumatların mühafizəsini, məxfilik rejimini, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təmin edilməsində iştirak edir;

7.3.6. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müəyyən etdiyi qaydada öz daxili təhlükəsizliyini təmin edir;

7.3.7. milli təhlükəsizlik məsələləri ilə bağlı elmi tədqiqatlar və araşdırmalar aparır;

7.3.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

7.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri Azərbaycan Respublikasının ərazisində bu fəaliyyətin digər subyektlərinin səlahiyyətlərinə aid olan faktlar aşkar edildikdə, təxirəsalınmaz tədbirlər həyata keçirməklə həmin subyektləri məlumatlandırır və onlara zəruri kömək göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver