8.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları aşağıdakılardır:
8.1.1. Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunmasına, onun milli maraqlarına zərər vura biləcək əməllərdən qorunmasına dair dövlət proqramlarının işlənib hazırlanmasında iştirak, habelə milli təhlükəsizliklə bağlı qanunların və digər normativ hüquqi aktların, beynəlxalq saziş və müqavilə layihələrinin öyrənilməsi və müvafiq təkliflərin verilməsi;
8.1.2. Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlarına nüfuzetmənin həyata keçirilməsi;
8.1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada rabitə kanallarından və digər mənbələrdən məlumatların çıxarılması;
8.1.4. informasiya sistemlərindən, radioelektron, video, audio vasitələrdən, kino və fotoçəkilişlərdən və digər metod və vasitələrdən istifadə edilməsi;
8.1.5. kriminalistik tədqiqatların aparılması;
8.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məlumatların toplanması, təhlili və istifadəsi, o cümlədən dövlət və yerli özünüidarə orqanlarından, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan və onların vəzifəli şəxslərindən tələb olunan məlumatların əvəzsiz alınması, onların sənədlərindən və informasiya banklarından istifadə edilməsi;
8.1.7. könüllülük və məxfilik prinsiplərinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edə bilən şəxslərlə əməkdaşlıq münasibətlərinin qurulması;
8.1.8. qarşılıqlı razılıq, o cümlədən müqavilə əsasında, dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların binalarından, həmçinin vətəndaşların yaşayış və digər tikililərindən zəruri müddətlərdə istifadə edilməsi;
8.1.9. xüsusi xidmət orqanlarının müəyyən etdiyi hallarda və qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının şəxsiyyətinin, onların idarə mənsubiyyətinin, bina və nəqliyyat vasitələrinin, habelə məxfi əsasla bu subyektlərə kömək edən şəxslərin pərdələnməsi məqsədi ilə digər dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sənədlərindən istifadə edilməsi;
8.1.10. konspirasiya məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uydurma idarə, müəssisə, təşkilat və digər hüquqi şəxslərin yaradılması;
8.1.11. informasiya-məlumat sistemləri və əməliyyat materialları fondlarının yaradılması, habelə orada olan məlumatların və sənədlərin uçotu, saxlanması və istifadə qaydalarının müəyyənləşdirilməsi;
8.1.12. odlu silahın, digər xidməti və mülki silahın, döyüş sursatının əldə edilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə olunması;
8.1.13. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi təyinatlı dəstələrin yaradılması və onlardan istifadə olunması;
8.1.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığın, o cümlədən müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın həyata keçirilməsi, onlarla əməliyyat məlumatının, xüsusi texniki və digər vasitələrin mübadilə edilməsi, beynəlxalq müqavilələrin və sazişlərin bağlanması;
8.1.15. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlardan istifadə edilməsi.
8.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin həmçinin aşağıdakı hüquqları vardır:
8.2.1. milli maraqlara zərər vura biləcək kəşfiyyat fəaliyyətinin və təxribat-pozuculuq əməllərinin vaxtında qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin həyata keçirilməsi;
8.2.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər daxilində cinayət işlərinin başlanılması, təhqiqatın və ibtidai istintaqın aparılması;
8.2.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlərin reallaşmasına zəmin yaradan səbəb və şəraitin aradan qaldırılması barədə dövlət və yerli özünüidarə orqanlarına, mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlara, onların vəzifəli şəxslərinə təqdimatların verilməsi.