23.1. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
23.1.1. vəfat etdikdə;
23.1.2. vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə verdikdə;
23.1.2-1. 75 yaşına çatdıqda;
23.1.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
23.1.4. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
23.1.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq edildikdə;
23.1.6. məhkəmənin qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə;
23.1.7. bu qanunun 11-ci maddəsində nəzərdə tutulmuş Konstitusiya Məhkəməsinin hakimlərinə aid tələblərin pozulması aşkar edildikdə;
23.1.7-1. Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə;
23.1.8. üzürsüz səbəbdən dalbadal üç dəfə və ya il ərzində üzürsüz səbəbdən on dəfə Konstitusiya Məhkəməsinin iclaslarında iştirak etmədikdə;
23.1.9. Konstitusiya Məhkəməsində baxılan məsələyə dair səsvermədə iştirak etməkdən imtina etdikdə;
23.1.10. altı aydan az olmayan müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirmədikdə və bu barədə xüsusi həkim komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda.
23.2. Bu qanunun 23.1.1-23.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələ birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilir.
23.3. Bu qanunun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələnin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilməsi üçün Konstitusiya Məhkəməsi təklif verir.