34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
34.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.
34.3. Bu qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.
34.4. Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı hallarda və müddətlərdə verilə bilər:
34.4.1. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində;
34.4.2. ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində.
34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
34.6. Şikayətdə aşağıdakılar göstərilməlidir:
34.6.1. Konstitusiya Məhkəməsinin adı;
34.6.2. şəxsin adı, soyadı, atasının adı, ünvanı;
34.6.3. şəxsin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
34.6.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının adı və ünvanı;
34.6.5. Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan Respublikası Konstitusiyasının və bu qanunun normaları;
34.6.6. mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;
34.6.7. məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;
34.6.8. Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış xahiş;
34.6.9. şikayətə qoşulmuş sənədlərin siyahısı.
34.7. Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:
34.7.1. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktı ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması;
34.7.2. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi, məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınmasının mümkün olmaması.