53-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
53-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.
53-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
53-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.
53-1.5. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.
53-1.6. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir.