54.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə görə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir.
54.2. Azərbaycan Respublikasının Milli Məclisinə ümumi seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
54.3. Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
54.4. Konstitusiya Məhkəməsi apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.
54.5. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi tərəfindən dəvət edilmiş digər şəxslər iştirak edirlər.
54.6. Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edə bilər.