57.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikasının prezidenti Konstitusiya Məhkəməsinə ərizə verir.
57.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin yazılı və imzalanmış istefa ərizəsinə baxmaqdan imtina edə bilməz.
57.3. Azərbaycan Respublikası prezidentinin istefa ərizəsinə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması ərizənin daxil olduğu gündən ən geci 3 gün keçənədək başlanmalıdır.
57.4. İstefa ərizəsini Azərbaycan Respublikası prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidentinin istefasının qəbul olunması haqqında qərar çıxarır.
57.5. İstefa ərizəsini Azərbaycan Respublikası prezidentinin özünün verdiyinə əmin olmadığı təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidentinin istefasının qəbul olunmaması haqqında qərar çıxarır.
57.6. Konstitusiya Məhkəməsinin Plenumu bu qanunun 57.4-cü və 57.5-ci maddələrində nəzərdə tutulmuş qərarları hakimlərin 5 səs çoxluğu ilə qəbul edir.
57.7. Bu qanunun 57.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının baş nazirinə göndərilir. Bu qanunun 57.5-ci maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının prezidentinə göndərilir.