6.1. Reyestrə daxil olmaq üçün operator Mərkəzi Banka ərizə ilə müraciət edir.
6.2. Ərizəyə aşağıdakı məlumatlar və sənədlər əlavə edilir:
6.2.1. operatorun nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;
6.2.2. ödənilmiş nizamnamə kapitalının məbləğini təsdiq edən sənəd;
6.2.3. hər bir iştirakçı haqqında məlumatlar və sənədlər (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin məlumatları, daimi yaşayış yerini və məşğuliyyət növünü göstərən məlumatlar və sənədlər, hüquqi şəxs olduqda – adını, ünvanını və kommersiya fəaliyyətinin növünü əks etdirən məlumatlar və sənədlər);
6.2.4. hər bir iştirakçının operatorun nizamnamə kapitalında payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;
6.2.5. pay sahibi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və VÖEN-i) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
6.2.6. mühüm iştirak payı sahiblərinin bu Qanunun 4.4-cü maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar və sənədlər;
6.2.7. müraciət edənin təşkilati strukturu, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin vətəndaş qüsursuzluğuna dair məlumat, o cümlədən həmin şəxslərin bu Qanunun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;
6.2.8. bu Qanunun 3.9-cu maddəsinə uyğun olaraq operatorun başqa şəxslər tərəfindən həyata keçirilən funksiyalarının təsviri (olduqda);
6.2.9. operatorun benefisiar mülkiyyətçiləri və payçıları arasındakı münasibətlər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə arayış;
6.2.10. platformadan istifadə qaydası, habelə bu Qanunun 3.8-ci maddəsində nəzərdə tutulan digər daxili sənədlər (siyasətlər, qaydalar və s.);
6.2.11. kraudfandinqdə istifadə olunacaq platformanın texniki və təhlükəsizlik tələblərinə, habelə funksionallığına cavab verməsini təsdiq edən məlumatlar və sənədlər.
6.3. Bu Qanunun 6.2-ci maddəsində göstərilən məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada təqdim edilir.
6.4. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
6.5. Bu Qanunda nəzərdə tutulmuş sənədlər əcnəbilər və xarici hüquqi şəxslər tərəfindən normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada leqallaşdırılır və ya onlara apostil verilir və həmin sənədlər notariat qaydasında Azərbaycan dilinə tərcümə edilir.