7.1. Reyestrə daxil edilməsi üçün müraciətə təqdim edildiyi tarixdən 90 (doxsan) təqvim günü ərzində baxılır. Həmin müddətdə Mərkəzi Bank müraciətə dair münasibətini yazılı surətdə bildirmədikdə müraciətə müsbət baxılmış hesab edilir.
7.2. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar etdikdə (bu Qanunun 6.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), bu barədə müraciət edənə 15 (on beş) iş günü ərzində həmin çatışmazlıqların aradan qaldırılması barədə yazılı bildiriş təqdim edir.
7.3. Müraciət edən çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci 15 (on beş) iş günü ərzində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qanunun 7.1-ci maddəsində müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.
7.4. Müraciət edən tərəfindən təqdim olunan sənədlərdə və məlumatlarda çatışmazlıqlar olmadıqda istifadə olunacaq platformanın texniki və təhlükəsizlik tələblərinə, habelə funksionallığına uyğunluğunu yoxlamaq üçün Mərkəzi Bankın əməkdaşları tərəfindən platformaya baxış keçirilir. Baxışın vaxtı barədə müraciət edənə 3 (üç) iş günü əvvəlcədən yazılı bildiriş təqdim edilir.
7.5. Operatorun reyestrə daxil edilməsindən imtina üçün bu Qanunun 7.7-ci maddəsi ilə müəyyən edilmiş əsaslar aşkar edilmədikdə Mərkəzi Bank tərəfindən operatorun reyestrə daxil edilməsi barədə qərar qəbul edilir və 2 (iki) iş günü ərzində müraciət edənə dövlət rüsumunun ödənilməsi haqqında yazılı bildiriş təqdim edilir.
7.6. Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra Mərkəzi Bank 2 (iki) iş günündən gec olmayaraq müraciət edəni reyestrə daxil edir, müraciət edənə bu barədə yazılı məlumat verir və həmin məlumat Mərkəzi Bankın rəsmi internet informasiya ehtiyatında yerləşdirilməklə ictimaiyyətə açıqlanır. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü ərzində təqdim edilmədikdə, operatorun reyestrə daxil edilməsi barədə qərar Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü ərzində müraciət edənə təqdim edilir.
7.7. Mərkəzi Bank operatorun reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina edir:
7.7.1. təqdim edilmiş məlumatlarda və sənədlərdə çatışmazlıqlar bu Qanunun 7.3-cü maddəsinə uyğun olaraq aradan qaldırılmadıqda və ya təqdim edilmiş məlumatların və sənədlərin yanlış olması aşkar edildikdə;
7.7.2. müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, mühüm iştirak pay sahibləri və ya benefisiar mülkiyyətçiləri bu Qanunda nəzərdə tutulmuş tələblərə cavab vermədikdə;
7.7.3. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;
7.7.4. ödənilmiş nizamnamə kapitalının məbləği operatorlar üçün müəyyən edilmiş minimum miqdardan az olduqda;
7.7.5. bu Qanunun 3.9-cu maddəsinə uyğun olaraq operatorun əməliyyat funksiyalarının başqa şəxslər tərəfindən həyata keçirilməsinin operatorun daxili nəzarətinin keyfiyyətinə və Mərkəzi Bankın nəzarət imkanlarına xələl gətirdiyi müəyyən edildikdə;
7.7.6. təqdim edilmiş digər məlumatlar və sənədlər bu Qanunun tələblərinə uyğun olmadıqda;
7.7.7. platforma bu Qanuna uyğun olaraq müəyyən edilmiş texniki və təhlükəsizlik tələblərinə cavab vermədikdə və ya funksionallığına uyğun olmadıqda.
7.8. Mərkəzi Bank operatorun reyestrə daxil edilməsindən imtina barədə qərar qəbul etdikdə, qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü ərzində imtina səbəbləri göstərilməklə ərizəçiyə təqdim edilir və ya göndərilir.
7.9. Reyestrə daxil edilməsindən imtina qərarını alan şəxs reyestrə daxil edilməsi üçün təkrar ərizə ilə imtina barədə qərar qəbul edildiyi tarixdən 6 (altı) ay sonra Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.
7.10. Müraciət edən reyestrə daxil edilməsindən imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
7.11. Mərkəzi Bank təqdim edilən məlumatların və sənədlərin yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) məlumat əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 (yeddi) iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.
7.12. Bu Qanunun 7.11-ci maddəsi sonradan operatorda mühüm iştirak payı əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), idarəetmə funksiyalarını yerinə yetirən və operatorun benefisiar mülkiyyətçisi olan şəxslərə münasibətdə də şamil edilir.