26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir:
26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə;
26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
26.1.5. məhkəmənin müvafiq qərarı olduqda;
26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə;
26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda;
26.1.8-1. lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə;
26.1.9. bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda.
26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
26.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna bu Qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr istisna olmaqla) göstərilən əsaslar üzrə xitam verilməsi, həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.
26.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.