Qanunvericilik › Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət

Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.

27.2. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

27.3. Bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver