9.1. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bu Qanunun və bu Qanuna uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin və ya lotereyanın şərtlərinin lotereya təşkilatçısı tərəfindən pozulması halları aşkar edildikdə, səlahiyyətli orqan həmin pozuntuların aradan qaldırılmasına dair ona yazılı bildiriş göndərir. Lotereya təşkilatçısı bildirişi aldığı tarixdən 20 (iyirmi) iş günü müddətində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə səlahiyyətli orqana məlumat verməlidir.
9.2. Səlahiyyətli orqan aşağıdakı hallarda lotereyanın keçirilməsini dayandırır:
9.2.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş bildirişin icrası məhkəmə və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırıldığı və ya bildiriş ləğv edildiyi hallar istisna olmaqla, lotereya təşkilatçısı həmin göstərişi müəyyən edilmiş müddətdə icra etmədikdə;
9.2.2. lotereyanın təşkili və keçirilməsi zamanı törətmiş olduğu dələduzluq, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə görə lotereya təşkilatçısının vəzifəli şəxsinə və (və ya) tiraj komissiyasının üzvünə qarşı cinayət işi başlandıqda;
9.2.3. lotereyanın təşkilinə və ya keçirilməsinə qanunsuz müdaxilə (uduş şansının dəyişdirilməsinə səbəb olan müdaxilə) aşkar edildikdə;
9.2.4. lotereya şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları aşkar edildikdə.
Qeyd: Bu Qanunun 9.2.4-cü maddəsində “əhəmiyyətli dərəcədə pozulma” dedikdə 1000 və ya daha çox lotereya iştirakçısının hüquqlarının pozulması və ya pozuntu (pozuntular) nəticəsində iştirakçılara dəyən zərərin ümumi məbləğinin 100 000 (yüz min) manat və daha artıq təşkil etməsi başa düşülür.
9.3. Səlahiyyətli orqan bu Qanunun 9.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində lotereyanın dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırılması və zərərin ödənilməsi (olduğu halda) barədə lotereya təşkilatçısından məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq, lotereyanın dayandırılması barədə qərarı ləğv edir və lotereyanın bərpa edilməsi barədə lotereya təşkilatçısına yazılı bildiriş göndərir.
9.4. Bu Qanunun 9.2.2-ci maddəsi üzrə barəsində cinayət işi başlanılmış lotereya təşkilatçısının vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verildikdə və ya həmin şəxs vəzifədən kənarlaşdırıldıqda və ya tiraj komissiyasının üzvü komissiyadan kənarlaşdırıldıqda, habelə bu Qanunun 9.2.4-cü maddəsi üzrə əhəmiyyətli dərəcədə vurulmuş zərər ödənildikdə, lotereyanın dayandırılması üçün əsas olan pozuntular aradan qaldırılmış hesab olunur.
9.5. Lotereya təşkilatçısı lotereyanın dayandırılması haqqında səlahiyyətli orqanın qərarını aldığı tarixdən 30 (otuz) iş günü müddətində bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş lotereyanın dayandırılmasına səbəb olan halları aradan qaldırmadıqda və ya bu barədə məlumatı təqdim etmədikdə, səlahiyyətli orqan lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırır.
9.6. Stimullaşdırıcı lotereyanın təşkilatçısı stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi barədə bildiriş aldıqda, bu barədə məlumatı media ilə elan etməlidir. Bu zaman stimullaşdırıcı lotereyada iştirak etmək üçün təkliflərin edilməsi qadağandır.
9.7. Lotereya təşkilatçısı lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq olaraq səlahiyyətli orqanın və ya məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, oynanılmamış lotereya biletlərinin yığılmasını (məhv və ya ləğv edilməsini) və onların dəyərinin lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir. Lotereya biletinin sahibinin razılığı ilə lotereya biletinin dəyərinin ödənilməsi əvəzinə ona digər lotereyada iştirak üçün eyni dəyərli lotereya bileti verilə bilər.
9.8. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya təşkilatçısını uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
9.9. Lotereya təşkilatçısı lotereyanın şərtlərində müəyyən olunan hallarda səlahiyyətli orqana qabaqcadan məlumat verməklə həmin lotereyanı dayandıra və ya ona xitam verə bilər. Lotereya lotereya təşkilatçısının təşəbbüsü ilə dayandırıldıqda və ya ona xitam verildikdə, bu Qanunun 9.6 – 9.8-ci maddələri tətbiq olunur.