10.1. Lotereya təşkilatçısının lotereyaların təşkili və keçirilməsi sahəsində aşağıdakı vəzifələri vardır:
10.1.1.lotereyanın qanunvericiliyə uyğun təşkilini və keçirilməsini təmin etmək;
10.1.2.qeydiyyata alınmış lotereyanın şərtlərini və onlara edilmiş əlavələri və dəyişiklikləri media ilə elan etmək;
10.1.3.uduş fondu oynanıldıqdan sonra (ani lotereya istisna olmaqla) 5 (beş) iş günü ərzində uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumatı mediada elan etmək;
10.1.4.lotereyanın dayandırılması, onun keçirilməsinə xitam verilməsi və ani lotereyanın başa çatması barədə məlumatları media ilə elan etmək;
10.1.5.lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərinə daxil olunmuş məlumatları ona təqdim etmək;
10.1.6. uduşlu lotereya biletləri (saxtalaşdırılmış və ya eyniləşdirilməsi mümkün olmayan biletlər istisna olmaqla) üzrə uduşların müvafiq bileti təqdim etmiş şəxsə verilməsini (ödənilməsini) təmin etmək;
10.1.7.lotereyanın təşkili və keçirilməsi ilə bağlı hesabatları səlahiyyətli orqana təqdim etmək. Lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların səlahiyyətli orqana təqdim olunması qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir;
10.1.8.lotereyanın şərtlərində nəzərdə tutulduğu halda lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşunun dəyərinin pul ekvivalentini ödəmək;
10.1.9. lotereyanın keçirilməsi dayandırıldıqda və ya xitam verildikdə, bu Qanunun 9.6 – 9.8-ci maddələrinin tələblərinə əməl etmək;
10.1.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri.
10.2. Lotereya təşkilatçısı lotereyanın şərtlərində göstərilən müddət ərzində uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin qəbulunu lotereya iştirakçısının ilk tələbi ilə təmin etməlidir.
10.3. Lotereya təşkilatçısı terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.