22.1. Mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatları dövlət, bələdiyyə və xüsusi mülkiyyət formasında ola bilər.
22.2. Dövlət mülkiyyətində olan ərazilərdə təbii məskənlərdə bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları dövlət mülkiyyətindədir.
22.3. Bioloji müxtəliflik üzrə Konvensiya qüvvəyə minənə qədər Azərbaycan Respublikası ərazisindən toplanmış və (və ya) mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarında saxlanılan bitki nümunələri dövlət mülkiyyəti hesab edilir və onların əldə edilməsi qaydaları mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.
22.4. Bioloji müxtəliflik üzrə Konvensiya qüvvəyə mindikdən sonra digər dövlətlərin ərazilərindən və (və ya) xarici kolleksiyalardan (beynəlxalq kolleksiyalar da daxil olmaqla) qorunub saxlanma üçün alınmış mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiya nümunələri, onları verən dövlətlərin və ya donorların mülkiyyətidir və onların əldə edilməsi şərtləri materialın verilməsi haqda xüsusi sazişlə müəyyən edilir.
22.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrində bitən bitkilərin genetik materialları, həmçinin üzərində fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüququ olan mədəni bitkilərin genetik ehtiyatları qanunun tələbləri nəzərə alınmaqla xüsusi mülkiyyətdə ola bilər.
22.6. Bələdiyyə mülkiyyətində olan ərazilərdə təbii məskənlərdə bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları bələdiyyə mülkiyyətindədir.
22.7. Bələdiyyə və xüsusi mülkiyyətdə olan ərazilərdə bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları üzərində dövlət mühafizəsi tələb olunduğu hallarda həmin ərazilər “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq mühafizə olunur.