8.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət proqramı (Milli Proqram) qəbul edilir.
8.2. Dövlət proqramında (Milli Proqramda) mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, təhlükəsiz qorunub saxlanması, hərtərəfli öyrənilməsi və istifadəsi üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
8.2.1. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siyasətinin istiqamətlərini və bu siyasətin həyata keçirilməsini təmin edən uzunmüddətli fəaliyyət planı;
8.2.2. mədəni bitkilərin Milli genefond nümunələrinin təbii areallarından kənarda (ex situ) nəzarət edilən şəraitdə təhlükəsiz və uzunmüddətli qorunub saxlanması və onun hərtərəfli öyrənilməsi üçün yaradılacaq şərait;
8.2.3. nəzərdə tutulmuş planların səmərəli surətdə həyata keçirilməsi üçün prioritet fəaliyyət istiqamətlərinin, ehtiyac və imkanların müəyyən edilməsi;
8.2.4. nadir və nəsli kəsilməkdə olan bitki növləri və sortlarının genetik ehtiyatlarının bərpası və mühafizəsinə dair tədbirlər;
8.2.5. mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarından məhdud aqroekosistemlərdə genetik aşınmaya məruz qalmış yerli bitki materiallarının bərpa edilərək kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, yeni bazarların yaradılması və inkişafında istifadə olunması məqsədi ilə kənd təsərrüfatı ilə məşğul olan fiziki şəxslərə verilməsi;
8.2.6. təbii və texnogen fəlakətlər zamanı yerli ənənəvi aqroekosistemlərin bərpası məqsədi ilə yerli əhaliyə, kənd təsərrüfatı məhsulları istehsalçılarına yerli bitki müxtəlifliyinin reintroduksiyası yolu ilə yardım göstərilməsi;
8.2.7. müxtəlif istifadəçi qruplarına elmi-tədqiqat, maarifləndirmə və seleksiya proqramlarında istifadə məqsədi ilə keyfiyyətli genetik material və müvafiq informasiyanın vaxtında təqdim olunması;
8.2.8. mədəni bitkilərin genetik ehtiyatları sahəsində fəaliyyətə cəlb edilən dövlət təşkilatlarının sistemli idarə olunmasının təmin edilməsi;
8.2.9. mədəni bitkilərin genetik ehtiyatları üzrə milli informasiya mübadiləsi sisteminin dəstəklənməsi;
8.2.10. milli, regional və beynəlxalq səviyyələrdə əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsi;
8.2.11. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər tədbirlər.