Qanunvericilik › Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sistemi

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində idarəetmə sistemi mədəni bitkilərin milli genefondunun etibarlı qorunub saxlanması və hərtərəfli öyrənilməsinin, elmi, seleksiya və digər proqramlarda səmərəli və davamlı istifadəsinin təmin edilməsi, mədəni bitkilərin genetik ehtiyatlarının dağıdılmasının, məhv edilməsinin, qanunsuz əldə edilməsinin qarşısının alınması, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi məqsədi ilə yaradılır.

9.2. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin idarəetmə sisteminə aşağıdakılar daxildir:

9.2.1. mədəni bitkilərin genetik ehtiyatlarının öyrənilməsi, toplanması və mübadiləsi sahəsində fəaliyyət göstərən, o cümlədən bu ehtiyatların kolleksiyalarına malik olan subyektlər (elmi-tədqiqat müəssisələri, genbank, seleksiya mərkəzləri, qeyri-hökumət təşkilatları və s.) və onların strukturuna daxil olan qurumlar;

9.2.2. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət proqramının (Milli Proqramın) həyata keçirilməsinə cəlb edilən subyektlər;

9.2.3. Elmi-Texniki Şura;

9.2.4. Milli əlaqələndirici institut və onun nəzdində fəaliyyət göstərən Milli Genbank;

9.2.5. ixtisaslaşdırılmış ekspert şuraları və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları;

9.2.6. mədəni bitkilərin genetik ehtiyat sahibləri.

9.3. Bu Qanunun 9.2.3-cü maddəsində nəzərdə tutulmuş Elmi-Texniki Şura müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. Elmi-Texniki Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

9.4. Bu Qanunun 9.2.4-cü maddəsində nəzərdə tutulmuş Milli əlaqələndirici institutunun müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

9.5. Bu Qanunun 9.2.5-ci maddəsində nəzərdə tutulmuş ekspert şuraları və işçi qruplarının əsasnamələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver