22.1. Mədəniyyət təşkilatları mədəniyyət məhsullarının istehsalı və mədəniyyət xidmətlərinin göstərilməsi ilə məşğul ola bilərlər.
22.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində əqli mülkiyyət, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
22.3. Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
22.4. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.
22.5. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir.