40.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilir.
40.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin təyinatına uyğun istifadə edilməsi təmin olunmalıdır.
40.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.
40.4. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınır. Şuşa şəhərinin ərazisində tarix və mədəniyyət abidələrinin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Bu maddədə qeyd olunan işləri aparan (yerinə yetirən) şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) aparılmış tədqiqat işləri barədə hesabat verir.
40.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmalıdır. Layihə üzrə işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.
40.6. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
40.7. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi nəticəsində əldə edilən gəlir mədəniyyət obyektinin qorunmasına, bərpasına və saxlanılmasına sərf edilməlidir.