Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin, xarici media nümayəndələrinin fəaliyyəti

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

11.2. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır və onların fəaliyyət qaydası həmin müqavilələrlə tənzimlənir.

11.2-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində Şuraya məlumat verilir.

11.2-2. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada Şuraya müraciət etməlidirlər.

11.2-3. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin bu Qanunun 11.2-ci və ya 11.2-2-ci maddələrinin tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsasdır.

11.2-4. Bu Qanunun 11.2-3-cü maddəsində nəzərdə tutulmuş hallarda Şuranın müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılır.

11.3. Xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

11.3-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilmir.

11.4. Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver