Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:

15.1.1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;

15.1.2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;

15.1.3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;

15.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;

15.1.5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına;

15.1.6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;

15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.

15.2. Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.

15.3. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

15.3.1. insan həyatının müdafiəsi üçün;

15.3.2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;

15.3.3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

15.4. Bu Qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver