Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Platforma yayımçısı

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla, dövlət orqanları (qurumları) və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər.

30.2. Platforma yayımçısı (bu Qanunun 30.8-ci maddəsi istisna olmaqla) lisenziya əsasında fəaliyyət göstərir.

30.3. Peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir.

30.4. Platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə, reklam fəaliyyəti həyata keçirə bilər.

30.5. Platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər.

30.6. Platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir və gündə minimum 6 saat yayım həyata keçirməlidir.

30.7. Birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı bu Qanunun 30.6-cı maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.

30.8. Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər. Bu halda qeyd olunan şəxslər bu Qanunun 30.2–30.7-ci maddələrinin tələblərinə cavab verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver