48.1. Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
48.2. Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
48.3. Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
48.4. Aşağıdakı şəxslər Şuranın üzvü ola bilməzlər:
48.4.1. ali təhsili olmayanlar;
48.4.2. ikili vətəndaşlığı və ya başqa dövlətlər qarşısında öhdəliyi olanlar;
48.4.3. dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutanlar, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar;
48.4.5. din xadimləri;
48.4.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
48.4.7. ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş şəxslər;
48.4.8. media subyektləri və onların təsisçisi (iştirakçısı) olan şəxslər.
48.5. Şuranın üzvləri səlahiyyət müddəti qurtaranadək yalnız aşağıdakı hallarda öz vəzifələrindən azad edilirlər:
48.5.1. öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;
48.5.2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
48.5.3. dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;
48.5.4. din xadimi olduqda;
48.5.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
48.5.6. ağır və xüsusilə ağır cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
48.5.7. media subyekti və onun təsisçisi (iştirakçısı) olduqda.
48.6. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçirlər.
48.7-1. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.
48.8. Şuranın sədri:
48.8.1. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;
48.8.1-1. Müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;
48.8.2. Şura aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
48.8.3. Şura aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
48.8.4. öz səlahiyyəti çərçivəsində icrası məcburi olan daxili əmrlər, sərəncamlar və göstərişlər verir;
48.8.5. bu Qanundan irəli gələn digər səlahiyyətləri həyata keçirir.
48.9. Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.